Uca dağlar, geniş düzlərimizin tükənməz sərvətləri

A- A A+

Muxtar respublikamız əsrarəngiz təbiəti ilə məşhur olduğu kimi, bu diyarın yetirib-bitirdiyi nemətlər də dadı-tamı, keyfiyyəti ilə dillər əzbəridir. Günəşin bol olduğu  regionun dəniz səviyyəsindən min metrlərlə  yüksəklikdə yerləşən kəndlərində  dağın-daşın, çölün-çəmənin hər bir otu, gülü- çicəyi gözəlliyi ilə gözlərimizi oxşadığı kimi, həm də dərdlərin dərmanı,məlhəmidir. Çaşır, bolu, baldırğan, uşqun, çiriş, cacıq, qazayağı, əvəlik, ələyəz, bulaqotu, yarpız, nanə, kəklikotu... Adlarını saymaqla bitməyən əvəzsiz, hər biri bir dərdin dərmanı, ağız ləzzəti olan  bu bitkilərin yetişmə  dövrünü təbiət elə nizamlayıb, sıralayıb  ki, erkən yazdan  qar yerə düşənədək insanlar həmin  bitkilərdən yararlanır, hələ üstəlik qış üçün də tədarük edirlər.

Zənginliyini bu   doğma təbiətdən alan  Naxçıvanın milli mətbəxini diyarımızın  dağlarında, dərələrində, düzlərində  bitən, min bir dərdin dərmanı olan bitkilərdən hazırlanan yemək nümunələri   tərkibi, dadı-tamı ilə daha da məşhurlaşdırıb. Elə Naxçıvanda insanların uzunömürlülüyünün  sirri də gözəl iqlim, saf, təmiz hava, tərkibi zəngin və keyfiyyətli  nemətlər, bir sözlə mədəni həyat tərzi ilə bağlıdır.

Adlarını sadaladığımız yabanı bitkilərdən qidalana bildiklərimizə Naxçıvanda pencər deyirlər.  Bu pencərlərin hər birinin öz yığılma vaxtı, bişirilmə qaydası, qışa tədarük edilmə üsulu var.  Bu ellərin dünyagörmüş insanları    deyərlər ki, yazın gəlişində çöl pencərlərinin torpaqdan baş qaldıran vədələri  olur.  Ancaq  hökmən  göy gurlamasını gözləməlisən. Göy ki bircə dəfə gurladı, kürsü başındakı nurani-pirani babalar sevincək yerlərində qurcalanarlar: – cücərən nə varsa yeyilə bilər, göy guruladı. Onlar  deyərlər ki, göy gurlamadan cücərənlər yeyilərsə, haramdır. Gərək yazın gəlişindən torpaq da ağırlıqdan  çıxa, təzələnə. Bu səda isə göydən gələr.

Artıq bu yaz da göylər gurlayıb, günəşin zərrin şəfəqləri ilə torpağın altından boylanan  çöl pencərlərinin yığılmalı, yeyilməli vədəsi yetişib.  İndi Şərur,  Culfa, Sədərək, Ordubad, Şahbuz  və digər rayonlarımızdakı dağlar, düzlər səxavətlə yenə də “qapılarını” bu sərvətlərin sahiblərinin üzünə açıblar.  Önlüklü qız-gəlinlərimiz qucaq-qucaq qazayağı,  cacıq, yarpız, xıncılovuz, çiriş, kəvər, quzuqulağı  yığır,  yurdumuzun yaz süfrəsini pencər qovurması, kükü, kətə, qutab və sair yeməklərlə bəzəmək üçün təbiətə üz tutacaqlar.

Şahbuz rayonunun Aşağı Qışlaq kəndndə yaşayan Südabə Məhərrəmova öz ailə üzvləri ilə yazda əvəlik, ələyəz, şıppır( buna rayonun ayrı-ayrı kəndlərində şep, dikcə də deyirlər) yığır, qışa tədarük edir, bazara çıxarırlar.  Südabə xanım deyir ki, elə ki, yaz gəldi, süfrəmizdən pencər əskik olmaz. Ya kətə, qutab bişirərik, ya da pencər qovurarıq.  O, maraqlı bir məqamı da vurğulayaraq dedi:- Şahbuzda hər qadın qışdan yaza ət qovurması saxlayar ki, yazda qazayağı, cacıq, şıppırı onunla  bişirsin. Bunun dadı bir başqa olur.  

Şıppır Şahbuz rayonunun Batabat yaylağında, Kükü kəndindəki Qanlıgöl adlanan yerdə, Biçənək,  Yuxarı Qışlaq  yaylaqlarında daha çox bitən bitkilərdəndir.  Südabə xanım pencər mövsümündə muxtar respublikanın digər rayonlarından da bu yerlərə maşının gəldiyini söyləyir. Bədxah qonşumuz ermənilərin, əvvəlki illərdə yığmaq üçün maşın-maşın  Batabata  gəldiklərini, bu təbiət  möcüzəsi olan bitkilərə heç yerdə rast gəlmədiklərindən danışdıqlarını da xatırlayır. 

1990-cı illərin ağır günləriniı xatırlayan aşağıqışlaqlı  Zərnişan Məmmədova söhbətə qoşularaq  deyir:- 1990-cı illər, Naxçıvanın  ən ağır illəri idi. Ümidimiz hər yerdən kəsilmişdi. Həmin illərdə  övladlarımızı bu dağın-daşın pencərləri xilas etdi. Yaz, qış həm bişirdik yedilər, həm də bazara çıxarıb digər ehtiyaclarımızı azacıq da olsa ödədik.  

Zərnişan xanım uzun  illərdən bəri kənd camaatının bu pencərlərdən həm də Naxçıvanda, Bakıda yaşayan bacı-qardaşlarına, qohumlarına pay tutduqlarından da danışdı. Dedi ki, bu yerlərin nemətlərinin dadını bilən  insanlar üçün ən gözəl hədiyyə 1-2 hörük ələyəz, sıppır, bir ovuc yarpız, kəklikotudur.

Kolanı kəndindən olan   Pərvanə Yusifova deyir ki, Bakıda yaşayan həmkəndlilərimiz var ki,  hər  yaz 3-5 günlük  bura gəlirlər. Onlar deyirlər ki, qazayağını, cacığı, xıncılovuzu, yarpızı öz əllərimizlə yığıb yemədiksə, dadını ala bilmirik. Ona görə də hər yaz gəlib dağlara üz tutur, yurdumuzun təmiz havasını ciyərlərimizə çəkə-çəkə bu nemətlərdən yığır, evlərimizə aparırıq. Hələ üstəlik Azərbaycanın başqa bölgələrindən olan qonşularımıza da bu nemətləri tanıtmışıq.  Naxçıvandan əlidolu qayıtmağımızı onlar da  hər yaz səbirsizliklə gözləyirlər. 

İndi çöl pencərlərindən qazayağı, cacıq qovurmasının, quzuqulağı, yarpız bulaqotu dürməyinin, kəvər, qırxbuğum, xıncılovuz, çiriş kətəsinin, yarpızlı-göyərtili  kükü yeməyinin vədəsi yaxınlaşır.  Bir azdan  qışda bir hörüyü əl-əl axtarılan ələyəzin, qovurmasının mövsümü, yay-qış gözə işiq, qola qüvvət, damağa dad verən  əvəliyin, şıppırın yığım dövrü başlanacaq. Onun ardınca  şorabası tutulan, qışda süfrələrimizi onlarsız təsəvvür edə bilmədiyimizçaşır, baldırqan, şomu və bolunun mövsümü gələcək. Birazdan qar yağanadək bir-birinin ardınca dağlarımızda, düzənlərimizdə yetişən min bir adda olan dərman bitkilərimizin yığımına başlayacağıq.

Həmərsün çiçəyindən, meyvəsindən, yemişandan hazırlanan mürəbbələr Naxçıvanın milli mətbəxinin ən füsünkar nemətlərindəndir.  Kəklikotu, çobanyastığı, yarpız, solmazçiçəyi, itburnu və sair bitki çayları  əhval-ruhiyyəyə,  əsəb-sinir, immun, həzm  sisteminə müsbət təsir etməklə yanaşı,  həm də insanı cavan, gümrah saxlayan zəngin tərkibli bitkilərdir.  Bu bitkilər eyni zamanda  onların tədarükü ilə məşğul olaraq bazarlara çıxaran ailələrimizin  illərdir ki,  hər il ailə büdcələrini də  artırmağa imkan  yaradıb.

Naxçıvanın möcüzəli təbiəti, xüsusilə dağları  burada yaşayan insanların ruzi mənbəyidir. Bəzən  düşünürsən  ki, bu nə sirdir  axı, dünyanın heç bir yerində dağlar insanlara bu qədər nemət bəxş etməyib? Bəlkə bu, Azərbaycan qadınının tarixən dağlarımıza baxarkən onu ulu babası, atası hesab edərək yaşmaqlanması ilə əlaqədardır. Deməli dağlarımız da  zaman-zaman onların ata evlərinə çevrilib. Ata evinə üz tutansa heç vaxt əliboş qayıtmaz.

Bəli, təbət gözəli Naxçıvanın  insanları yarana biləcək hər hansı bir çətinlikdə ümidsiz qalmazlar. Çünki dağlarımızın, düzlərimizin nemətləri tükənməzdir. Bu tükənməzliyin qədirbilənləri isə hər il yazdan qışadək ruzi mənbəyi kimi üz tutub nemətləri ilə bəhrələnən insanlar olmalıdır. Min adda, min dadda olan bu nemətləri elə dərib, elə toplamalı, onları düzgün dərə bilməyənlərə elə məsləhətlət verməli,  biganə yanaşanları elə qınaq etməliyik ki,  dağlarımız, düzlərimiz bizdən “razı” qalıb, gələcək yazlarda da  ruzili, bərəkətli “qollarını” bizlərə yenidən açsınlar.

 

                                                       Mətanət Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: