Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fələstin Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, nazir Azərbaycan ilə Fələstin arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlərin yüksələn xətlə inkişaf etdiyini xatırladıb.
O, Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlər, o cümlədən Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyəti barədə səfirə ətraflı məlumat verib. Ötən il Bakıda keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci və Baş Assambleyasının 3-cü növbədənkənar sessiyaları çərçivəsində Fələstin Dövlətinin mülki müdafiə üzrə baş direktoru Əkrəm Tavabta ilə görüşünün uyğun qurumlar arasında əməkdaşlığın genişləndirilməsi sahəsində məhsuldar keçdiyini vurğulayıb.
Fələstin Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani iki ölkənin fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumlarının əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərindən danışıb, bu sahədə səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
