“2025-ci ildə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat tədbiri keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, yanvarın 12-də “2025-ci ildə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatları, şəhər rəhbərliyi, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə icra hakimiyyəti binasının foyesində təşkil olunmuş 2025-ci ildə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı sərgi ilə tanışlıq olub.
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Hesabat məruzəsi ilə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev qeyd edib ki, ötən il Naxçıvan şəhərində ümumi məhsul buraxılışı 2024-cü illə müqayisədə 9,9 faiz artaraq 690 milyon 428 min 700 manat dəyərində olub. Əsas kapitala yönədilmiş vəsait isə 41,7 faiz artaraq 228 milyon 271 min 300 manat, ondan tikinti-quraşdırma işlərinə qoyulan vəsait 14,7 faiz artımla 149 milyon 443 min 400 manat təşkil edib. 2025-ci ildə sənaye məhsulu 14,3 faiz artımla 240 milyon 250 min 700 manat olub. Qeyd olunan dövrdə rabitə və informasiya xidmətləri 4,3 faiz, pərakəndə ticarət dövriyyəsi 4,1 faiz, ictimai iaşə dövriyyəsi 2,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 0,3 faiz artıb.
İcra Hakimiyyətinin başçısı həmçinin diqqətə çatdırıb ki, ötən il 14 ədəd yaradılan və 4 ədəd fəaliyyətinin genişləndirməsi başa çatan istehsal və xidmət sahəsi olmuşdur. 14 ədəd yaradılması və 6 ədəd fəaliyyətinin genişləndirilməsi davam etdirilən istehsal və xidmət sahəsi olmuşdur. Həmçinin yanvar -sentyabr aylarında Naxçıvan şəhərində ümumilikdə 589 yeni iş yeri açılıb. Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 886,2 manat təşkil edib.
Cabbar Musayev sənaye sektoru, kənd təsərrüfatı, turizm və digər sahələrdə görülmüş işlər barədə də geniş məlumat verib, qarşıda duran vəzifələrdən bəhs edib.
Naxçıvan Şəhər Maliyyə İdarəsinin rəisi vəzifələrini müvəqqəti icra edən Məmmədnağı Əkbərov Naxçıvan şəhərinin yerli büdcəsinin 2025-ci il üzrə icra nəticələri və 2026-ci il üçün gəlir və xərcləri barədə məlumat verib. Bildirib ki, 2025-ci il ərzində Naxçıvan şəhər yerli büdcəsinin gəlirləri 50 milyon manat plana qarşı 63 milyon 149 min 640 manat, yəni 126,3 faiz icra olunub. Bunun müqabilində büdcəyə 13 milyon 149 min 640 manat nəzərdə tutulandan artıq vəsait daxil olub. Yerli büdcəsinin xərcləri isə 2025-ci il üzrə təsdiq olunmuş 18 milyon 386 min 500 manata qarşı ötən il ərzində 14 milyon 479 min 670 manat təşkil edib. Nəticədə yerli büdcənin xərc istiqaməti 78,75 faiz icra edilib. 2026-cı ildə isə Naxçıvan şəhər yerli büdcəsinin gəlirləri 62 milyon manat, yerli xərcləri 17 milyon 499 min 500 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi isə 44 milyon 500 min 500 manat olaraq təsdiq edilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Cənab Ceyhun Cəlilov tədbirdə çıxış edərək bildirib ki, ötən il şanlı qələbəmizin 5-ci, Konstitusiyamızın 30-cu idönümündə ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilməsi ilə yanaşı, Azərbaycan tarixində başqa bir parlaq tarix kimi - 8 avqust möhtərəm cənab Prezidentin qətiyyətli iradəsi nəticəsində 30 illik Qarabağ münaqişəsinə son qoyulması, Cənubi Qafqaza sülhün gəlməsi və növbəti tarixi ədalətsizliyə cənab Prezidentin imzası ilə sonuncu nöqtənin qoyulduğu tarix kimi yazıldı. Bu tarixi əlamətdar hadisə muxtar respublikanın taleyində əbədi iz qoydu, eləcə də region xalqlarının həyatında mühüm dönüş məqamına çevrildi. Ümummilli Liderin formalaşdırdığı dövlətçilik və sosial-iqtisadi siyasət yanaşmaları Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin idarəçilik fəlsəfəsinin əsasını təşkil edir, qəbul olunan bütün strateji qərarlarda və islahat zərflərində öz əksini tapır. Möhtərəm cənab Prezidentin həyata keçirdiyi dövlət siyasətinin mərkəzində vətəndaş amili dayanır və həyata keçirilən islahatlar, proqramlar və tədbirlər məhz əhalinin rifahının yüksəldilməsinə, sosial ədalətin təmin olunmasına və ictimai iştirakçılığın genişləndirilməsinə xidmət edir. Cənab Prezidentin ötən ilin 12 noyabr tarixində mətbuat önündə keçirdiyi qəbulda, eləcə də cari ilin 5 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan vətənaşının firəvan həyatı dövlətin ən əsas strateji məqsədidir.
Ceyhun Cəlilov diqqətə çatdırıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dayanıqlı inkişafın təmin olunması, məşğulluq imkanlarının artırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və ətraf mühitin mühafizəsinin təmin olunması nəzərdə tutulmuşdur. Qeyd olunan məqsədlərə nail olmaq üçün, cari ilin əvvəlindən etibarən 10 il müddətində qüvvədə olmaqla muxtar respublikanın müvafiq sahibkarlarına vergi və gömrük rüsumundan azadolma və sosial-sığrta ödənişlərinin isə subsidiyalaşmasına başlanıb. Naxçıvan Sənaye Parkının yaradılması, yeni İES-in qurulması, paylayıcı-elektrik şəbəkəsinin yenidən qurulması, Naxçıvan şəhərində ictimai nəqliyyatın yaxşılaşdırılması kimi sosial-iqtisadi, Möminə-Xatın türbəsinin bərpası, Memar Əcəminin abidəsinin ucaldılmasına dair mədəni tədbirlərin görülməsinə dair müvafiq sərəncamlar cənab Prezidentin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına, eləcə də mədəni irsin qorunmasına qayğısını ifadə edir.
Səlahiyyətli nümayəndə qeyd edib ki, növbəti dövrdə muxtar respublikanın, eləcə də Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafının əsas prioritetləri cənab Prezidentin müəyyən etdiyi istiqamətlər üzrə - vətəndaş məmnunluğunun artırılması məqsədilə əhaliyə göstərilən dövlət xidmətinin keyfiyyətinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və iqtisadi fəallığın artırılması məqsədilə sahibkarlara daha əlverişli şəraitin yaradılması, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində regionların simasının müasirləşdirilməsi məqsədilə, eləcə də sakinlərin həyat şəratinin daha da yaxşılaşdırılması üçün abadlıq və quruculuq işlərinin, yol infrastrukrunun yenilənməsi layihələrinin davam etdirilməsi, şəhərlərin baş planlarının hazırlanması işlərinin icra edilməsi, eləcə də möhtərəm cənab Prezidentin memarı olduğu, qlobal müstəvidə diqqət mərkəzində olan Zəngəzur dəhlizinin muxtar respublika hissəsinə aid infrastruktur quruculuğu işlərinin təşkilində yaxından iştirak etmək və müvafiq icra işlərinin təşkilini təmin etməkdən ibarətdir.
Sonda 2025-ci ildə Naxçıvan şəhərinin sosial-iqtisadi və mədəni inkişafı, ətraf mühitin qorunması sahəsində görülmüş işlərlə bağlı videoçarx izlənilib.