31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Madriddə anım tədbiri keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Madrid şəhərində Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin dəstəyi və İspaniyada yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə İspaniya ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər. Əvvəlcə 1918-ci il soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan icmasının nümayəndəsi Cəlal Erken tədbirdə çıxış edərək deyib ki, əsrlər boyu erməni millətçiləri tərəfindən xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı cinayətləri həyata keçirilib. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəsəbələrdə, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar və vandalizm aktları olub. On minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib, mədəniyyət abidələri, tarixi binalar və məscidlər dağıdılıb.

Erməni silahlı dəstələri tərəfindən törədilmiş cinayətlərin araşdırılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən Fövqəladə İstintaq Komitəsinin yaradıldığını bildirən C.Erken Xalq Cümhuriyyətinin süqut etməsindən sonra təhqiqat işlərinin, cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi prosesinin dayandırıldığını qeyd edib. Xüsusi olaraq vurğulanıb ki, məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalanıb və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Dövlət başçısı İlham Əliyevin diqqəti sayəsində 1918-ci il soyqırımı ilə bağlı genişmiqyaslı araşdırmalar aparılıb, erməni millətçiləri tərəfindən törədilmiş cinayətlərə dair yeni faktlar üzə çıxıb, Quba şəhərində azərbaycanlıların kütləvi məzarlığı aşkar olunub. Məhz Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması prosesinə başlanılıb, Heydər Əliyev Fondunun dəstəyi ilə təsis edilmiş Memorial Kompleksin 2013-cü ildə rəsmi açılış mərasimi olub.

C.Erken qeyd edib ki, Azərbaycan rəhbərliyinin gördüyü tədbirlər 1918-ci ildə erməni silahlı birləşmələri tərəfindən xüsusi amansızlıqla törədilmiş cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılmasında əvəzsiz rol oynayıb, soydaşlarımızın azərbaycançılıq ideyası, milli məfkurə ətrafında daha da sıx birləşməsinə yeni təkan verib.

Daha sonra 1918-ci il azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli film və fotosərgi nümayiş etdirilib. Sənədli film və fotosərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. İspaniya ictimaiyyətinin üzvlərinə XX əsrin ən dəhşətli faciələrindən biri olan 1918-ci il azərbaycanlıların soyqırımı barədə ətraflı məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: