Yanvar ayında Yeni il bayramları zamanı Rusiyanın Novokuznetsk şəhərinin 1 nömrəli doğum evində vəfat edən körpələrə ağır bətndaxili infeksiya diaqnozu qoyulub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Kemerovo vilayətinin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, doğum evində 234 doğuş qəbul edilib. Bu dövr ərzində 32 körpə reanimasiya şöbəsinə yerləşdirilib, onlardan 17-sinin vəziyyəti son dərəcə ağır olub. Bu körpələrə ağır bətndaxili infeksiya diaqnozu qoyulub, birində isə ilkin immunçatışmazlığı aşkarlanıb.
Hazırda dörd uşaq intensiv terapiya şöbəsində müşahidə altındadır, daha dörd uşaq isə müalicə üçün Kuzbass Uşaq Klinik Xəstəxanasına köçürülüb.
Qeyd edək ki, daha əvvəl 10 uşağın ölümü barədə məlumat verilmişdi, sonradan isə onların sayının 9 olduğu məlum olub. Rusiya İstintaq Komitəsi ehtiyatsızlıqdan ölümə səbəb olma və səhlənkarlıq əlamətləri üzrə cinayət işi açıb. Məhkəmə-tibbi ekspertizalar təyin edildikdən sonra körpələrin dəqiq ölüm səbəbinin müəyyən edilməsi mümkün olacaq.
