Xalq təqvimi ilə bağlı aparılan tədqiqatlardan bəlli olur ki, bir sıra dünya xalqları qədim zamanlardan baharın gəlişini bayram edib, bu mərasimdə od, tonqal yandırma adətlərindən də geniş istifadə olunub. Ata-babalarımız baharın gəlişini, gecə və gündüzün bərabərləşməsini təsərrüfat işlərinin başlanması kimi qeyd ediblər.
Azərbaycanda çox təntənəli keçirilən axır çərşənbədə (ilaxırda) od qalamaqla yanaşı, uşaqlar tərəfindən lopalar hazırlanar, onlar bəhsə girərək yandırılmış lopanı kimin daha yüksəyə atacağını sınaşardılar. Yaz-tarla işləri “Novruz topu”nun atılması ilə başlayardı. Qeyd edək ki, martın 21-də yazın girməsinə baxmayaraq, havalar şıltaqlıq edir, bəzən qar yağır, bir neçə gün soyuq olur. Bu zaman istər heyvandarlıqda, istərsə də əkinçilikdə çətinliklər yaranır. Baharın ilk ayı “qara yaz” adlanır. Bu dövrdə qış azuqəsi tükənir. Çöldə heyvanın otlaması üçün ot-ələf olmur. Xalq tərəfindən Qara yazın özü də bir neçə yerə bölünüb və onlara müxtəlif adlar verilib. Bəzi yerlərdə martın 6-dan aprelin 6-na kimi olan dövrə “murdar üşüyən ay” da deyirlər.
Aprel ayının 15-nə kimi olan dövrə “qarının borcu”, “qarının mərdi” deyirlər. Rəvayətə görə, mart ayında havanın qərarsız olması, çöldə heyvanların yeyəcək tapa bilməməsindən narahat olan qarı martın çıxmasına sevinir. Sevinci yerə-göyə sığmayan qarı martın arxasınca deyinir:
Əldən aldın yorğanım,
Dərdə düşdü oğlağım.
Borca getdim samana.
Pislik qaldı yamana.
Mart, gözüvə barmağım,
Yaza çıxdı oğlağım.
Bunu eşidən mart hirslənir, apreldən 15 gün borc istəyir. Aprelin 15-nə kimi havalar yenidən soyuyur, qar yağır. Təbiəti uzun illər müşahidə edən babalarımız “qara yaz” çıxana kimi ehtiyatlarını üzməz, ev üçün yanacaq, mal-heyvan üçün isə yem ehtiyatı saxlardılar. Atalarımız deyiblər ki, bu dövr üçün 40 şələ odun, 40 çuval saman saxlamaq lazımdır.
Aprelin 10-15-nə qədər soyuqların tam sovuşmadığı dövr xalq tərəfindən “kərnəbut” (kərnəvurt) da adlandırılıb. El arasında deyirlər ki, bu vaxta qədər Naxçıvanda basdırılmış üzüm və narın üstünü açmazlar. Bəziləri kərnəbutun Novruzdan 10 gün, bəziləri isə 15 gün keçmiş olduğunu deyirlər. Yaşlı sakinlərin sözlərinə görə, xalq arasında aprelin 5-7-nə kimi olan dövrə “camışqıran” da deyiblər. Belə bir məsəl vardır ki, qorx aprelin (nisan) beşindən, öküzü qoyar işindən.
Uzun illərin müşahidəsinə əsasən aprel ayının 5-i və ona yaxın günlərdə havanın dəyişkən keçdiyinin, temperaturun aşağı düşdüyünün şahidi oluruq. Belə ehtimal etmək olar ki, “kərnəbut” və “camışqıran” xalq təqvimləri eyni dövrləri əhatə edib, Novruz bayramından 15 gün keçən vaxta düşür.
Ata-babalarımız fenoloji müşahidələrə əsasən bu dövrdə yağan qar, yağış, doluya da müəyyən adlar qoymuşlar. Yazın girməsi ilə əlaqədar köçəri quşlar isti ölkələrdən qayıtmağa başlayır. Yazın ilk günləri sığırçınlar gəlir, bu vaxt qar əriyir, havalar istiləşir, lakin axşamlar su donur. Xalq arasında hacıleyləyin gəlməsinə xüsusi diqqət yetirilir. Leyləyin gəlişi azərbaycanlılar arasında sevincə səbəb olurdu. Keçmişdə ilk dəfə leyləyi görən uşaqlar ata-analarına muştuluğa qaçardılar. Ata-analar uşaqların muştuluğunu verdikdən sonra “Leyləyin ağzında nə gördüz?” – deyə soruşardılar. Əgər leyləyin ağzında sünbül, ot olduğunu desələr, ilin məhsuldar olacağı, “sümük, çöp gördük” desəydilər, ilin quraq keçəcəyi güman edilirdi. Xalq arasında belə inam formalaşıb ki, leylək gələn gün az da olsa, qar yağmalıdır. Ona görə Novruzdan sonra yağan qara “leylək qarı” deyərlər. Bir də belə bir deyim vardır ki, “leyləyin yumurtasının üstünə qar yağmazsa, bala çıxarmaz”.
Xalq təqviminə görə, martın yeddisi ilə aprel ayının yeddisi arasında əsən küləklər “boz külək” adlanır. Bəzən hava quraqlıq keçməklə yanaşı, rütubətsiz, isti quru küləklər də əsir. Bu isə “qara yel” adlanır. Mirzə Ələkbər Sabir də “Əkinçi” satirasında “Əsdi qara yel, çəltiyə, bostana, nə borcum” yazmışdır.
Bəzən erkən yazda mülayim, isti küləklər əsir. Bu isə ağacların tumurcuqlarının açılmasına səbəb olur. Bu cür küləyə “tumurcuq açan” külək deyilir. Yazda yarıqar, yarıdolu formalı yağıntı düşür ki, buna “çoban yarması” deyirlər. Bəzən günəşli havada qısamüddətli yağış yağır. Buna isə “tülkü toyu”, “qurd quzulaması” deyilir.
Yazda təbiətlə bağlı digər inanclar da mövcuddur. İnama görə, göy guruldamasa, çöldə bitən pencərləri yemək düzgün deyildir. Axır çərşənbədə oynanılan “kodu”, “qodu-qodu” mərasimi oyun olmayıb, digər vaxtlarda yağış və ya Günəşi çağırmaq üçün keçirilən mərasimdir. Bundan başqa, inanca görə, il quraqlıq keçəndə qırx keçəlin adı tutulub, ipə qırx düyün vurularaq suya atılardı. Digər bir inanca görə, bu dövrdə ulağın başını yuduqda yağış yağar. Çox yağış yağdıqda isə palçıqdan kökə düzəldib təndirə yapardılar ki, yağış kəssin.
Bütün bunlarla yanaşı, rəncbər babalarımız, xüsusən Naxçıvan ərazisində ilin bolluğunun, xeyir-bərəkətinin bu aya bağlı olduğunu çox gözəl bilirdilər. Bu mövsümdə dağlarda su ehtiyatı olan qarın əriməsi, su anbarlarımızda su toplanması bulaqların sulu, dağ-dərədə otun bolluğundan xəbər verir.
Zaleh Novruzov
"Şərq qapısı" qəzeti