“Tarixdə bu gün”- Milli Qəhrəman Mehdi Abbasov şəhid olub

A- A A+

Tarixin yaddaşında elə adlar var ki, onlar illərlə deyil, əsrlərlə yaşayır. Bu adlar zamanın tozuna qarışmır, çünki qanla, qeyrətlə və Vətən sevgisi ilə yazılıb. Mehdi Abbasov da məhz belə adlardan biridir.

Mehdi Yusif oğlu Abbasov 1960-cı ilin şaxtalı yanvar günlərindən birində dünyaya göz açıb. Uşaqlıq illəri Qərbi Azərbaycanın Amasiya rayonunda keçib. Lakin bu torpaqlarda yaşamaq hər zaman mümkün olmayıb. Erməni təzyiqləri nəticəsində ailəsi doğma yurd-yuvasından didərgin salınıb. O zaman Mehdi cəmi 11 yaşında idi.

Təhsilini uzaq Qazaxıstanda davam etdirən Mehdi müəllim peşəsinə yiyələnib. Orada çalışdığı dövrdə idmanda da fərqlənərək “SSRİ idman ustası” adına layiq görülüb. Buna baxmayaraq, onun ürəyi daim Azərbaycan üçün döyünürdü.

Torpaqlarımız işğal altına düşəndə, səngərlərin igid oğullara ehtiyacı olanda Mehdi artıq qərarını vermişdi. 1991-ci ildə Vətənə qayıdaraq Xüsusi Təyinatlı Daxili Qoşunlarda rota komandiri kimi xidmətə başlayıb. Döyüş meydanında göstərdiyi cəsarət və igidliklə seçilirdi. Silahdaşları onu “Mixaylo” deyə çağırırdılar, lakin bu ləqəbin arxasında əsl Azərbaycan oğlunun mərdliyi dayanırdı.

1992-ci ilin 13 yanvarı onun son döyüş günü oldu. Məlikcan postu ətrafında gedən ağır döyüşlərdə Mehdi yenə ön xətdə idi. Snayper gülləsi onun həyatına son qoydu. Mehdi Abbasov həmin gün şəhidlik zirvəsinə ucaldı.

Şəhid Mehdi Abbasov Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli, 831 saylı fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Onun adı bu gün də xalqımızın yaddaşında Vətənə sədaqətin və qəhrəmanlığın rəmzi kimi yaşayır.

Nurtac İsmayılova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: