Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, yanvarın 13-də “2025-ci ildə Şərur rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat tədbiri keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev, rayon icra hakimiyyətinin başçısının müavinləri, rayonun idarə və müəssisə, təşkilat rəhbərləri Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib ,abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Şərur Rayon Mədəniyyət Sarayında davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov rayonun 2025-ci ili uğurla başa vurduğunu bildirərək qeyd edib ki, 2025-ci ildə rayonun yerli büdcəsinin gəlirləri 8 milyon 980 min manat proqnoza qarşı 9 milyon 377 min 30 manat, xərcləri isə 7 milyon 595 min manat proqnoza qarşı 5 milyon 970 min 514 manat icra edilib. Vergi ödənişləri ötən il 9 milyon manat proqnoza qarşı 9 milyon 333 min 229 manat, Dövlət Sosial Müdafiə Fondu ödənişləri 12 milyon 171 min 576 manat, işsizlikdən sığorta ödənişləri 462 min 970 manat, icbari tibbi sığorta ödənişləri isə 2 milyon 41 min 86 manat icra olunub.
Sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verən Kamal Cəfərov vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində tətbiq olunan güzəştlər Şərurda özəl sektorun inkişafına təkan verib. Hazırda rayon üzrə ümumilikdə dövlət qeydiyyatına alınmış 1000-dən artıq sahibkarlıq subyekti fəaliyyət göstərir. Ötən il Sahibkarlığın İnkişafı Fondu vasitəsilə ümumilikdə 49 layihəyə 1 milyon 482 min 500 manat dəyərində güzəştli kredit ayrılıb. Onlardan 44-ü kənd təsərrüfatı, 2-si sənaye istehsalı, 3-ü isə xidmət sektorunun inkişafına yönəldilib. Dövlət tərəfindən sahibkarlıq fəaliyyətinin inkişafına və genişləndirilməsinə göstərilən dəstək nəticəsində 2025-ci ildə Şərur rayonunda 27 yeni iş yeri fəaliyyətə başlayıb. 2025-ci ildə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 304 milyon manatı ötüb. Belə ki, kənd təsərrüfatında 159 milyon, ticarət, nəqliyyat və anbar təsərrüfatında 97 milyon, sənayedə 25 milyon, tikintidə 20 milyon, informasiya və rabitə sahəsində isə 819 min manat qeydə alınıb. Xüsusilə 2024-cü illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitlərdə 12,6 faiz, kənd təsərrüfatı-bitkiçilik istehsalında 0.9 faiz, pərakəndə ticarət dövriyyəsində 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərdə 0,4 faiz, yük daşınmalarında 1,1 faiz, sərnişin daşınmalarında isə 1,2 faiz artım müşahidə olunub.
İcra Hakimiyyətinin başçısı dövlət satınalmaları, əhalinin sosial müdafiəsi və məşğulluğu, təhsil, səhiyyə, ekoloji, mədəniyyət və digər sahələr üzrə görülmüş işlər, investisiya vəsaiti hesabına və Dövlət Proqramı çərçivəsində icra olunan layihələr barədə ətraflı məlumat verib, 2026-cı ildə icrası nəzərdə tutulan işlərdən bəhs edib.
Yeni Azərbaycan Partiyasının Şərur Rayon Təşkilatının sədri Əmir Babayev və 2 saylı Ərazi Vergilər İdarəsinin rəisi Rəfail Əliyev müvafiq sahələr üzrə ötən ilin yekunları barədə məlumat veriblər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxışında Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində səsləndirdiyi fikirləri diqqətə çatdıraraq qeyd edib ki, ölkədə həyata keçirilən dövlət siyasəti insan amilinə əsaslanır və vətəndaşların sosial rifahının yüksəldilməsi strateji məqsəd kimi daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısı son illər əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlardan, əməkhaqqıları, pensiyalar və sosial müavinətlərin mütəmadi şəkildə artırılmasından, sosial paketlərin əhatə dairəsinin genişləndirilməsindən bəhs edib.
Prezidentin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunmuş müşavirədə verilən tapşırıq və tövsiyələrdən bəhs edən Samir Seyidəhmədli vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasındakı mövcud vəziyyət nəzərə alınaraq aparılmış müzakirələrin nəticəsi olaraq problemlərin kompleks və uzunmüddətli həllinə yönəlmiş tədbirlərin ilkin layihəsi artıq hazırlanıb. Qarşıdakı dövrdə regionlarda icra olunan layihələrə məsuliyyətlə yanaşılması, mərkəzi və yerli icra strukturları arasında əlaqələndirmənin gücləndirilməsi, dövlət başçısının müəyyən etdiyi strateji xəttə uyğun olaraq daha çevik, nəticəyönümlü idarəetmənin təmin edilməsi zəruri və prioritet vəzifələr kimi müəyyənləşdirilir.
Səlahiyyətli nümayəndənin müavini qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində iqtisadi fəallığın stimullaşdırılması və sahibkarlıq mühitinin yaxşılaşdırılması məqsədilə cari ilin əvvəlindən etibarən 10 il müddətinə muxtar respublikanın müvafiq sahibkarlıq subyektləri üçün vergi və gömrük rüsumlarından azadolmaların tətbiqinə, habelə sosial sığorta ödənişlərinin subsidiyalaşdırılmasına başlanılıb. Bu mexanizmlər regionda investisiya cəlbediciliyinin artırılmasına və yeni iş yerlərinin yaradılmasına xidmət edir. Eyni zamanda, Dövlət Proqramından irəli gələn vəzifələrə uyğun olaraq Naxçıvan Sənaye Parkının yaradılması, yeni istilik elektrik stansiyasının inşası, elektrik paylayıcı şəbəkəsinin yenidən qurulması, Naxçıvan şəhərində ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi kimi mühüm sosial-iqtisadi layihələr icra olunur. Bu baxımdan Dövlət Proqramının uğurla icrası məqsədilə müvafiq dövlət qurumları tərəfindən konkret tədbirlərin planlaşdırılması, icra mexanizmlərinin gücləndirilməsi və nəticəyönümlü fəaliyyətin təmin edilməsi zəruridir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev tədbirdə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, son 5 ildə beynəlxalq aləmdə günü-gündən artan nüfuz, aparılan çoxşaxəli islahatlar, yeni infrastruktur layihələrin həyata keçirilməsi Azərbaycanın tarixi nailiyyətləridir. 2025-ci ildə Azərbaycanın valyuta ehtiyatları 80 milyard dollar, xarici borcu isə aşağı düşərək ümumi daxili məhsullara nisbətdə 6.3 faiz təşkil edib. Valyuta ehtiyatları xarici borcu 16 dəfə üstələyib.
Çingiz Əliyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının inkişafı üzrə həyata keçirilən layihələr regionun strateji əhəmiyyətini artırır və onu beynəlxalq nəqliyyat logistika şəbəkəsinin vacib həlqəsinə çevirir. Zəngəzur dəhlizinin rellaşdırılması çərçivəsində yeni nəqliyyat xətlərinin inşası həm Türkiyə və Avropaya, həm də Yaxın Şərqə çıxışı təmin edəcəkdir. Zəngəzur dəhlizinin açılması ilə Şimal-Cənub və Orta Dəhliz marşrutları mühüm bir qolu formalaşacaq. Eyni zamanda Qars Naxçıvan dəmir yolunun Türkiyə dəmir yolu şəbəkəsinə inteqrasiyası və İran üzərindən alternativ bağlantının yaradılması Naxçıvanı ölkənin əsas hissəsi ilə dayanıqlı əlaqəsini təmin edəcək. Paralel olaraq hazırlanan baş plan çərçivəsində yaşıl enerji, kənd təsərrüfatı, suvarma və turizm sahələrinin inkişafı Naxçıvanı sürətli və balanslı region inkişaf modelinə çevriləcək.