Hədsiz düşündürücü sualdır, elə deyilmi? Həm də çox sadə. Fəqət bu sual verilən kimi içimizdə tələsik bir cavab formalaşır: “Özümüz.” Elə bil bu cavabla vicdanımızı sakitləşdirir, özümüzə haqq qazandırırıq.
Əşi, bəsdirin siz Allah! Biz nə zaman özümüz olduq və yaxud olmağa çalışdıq ki? Məsələ burasındadır ki, insan ən çox məhz bu cür suallardan qaçır. Çünki bu sual cavab istəmir, üzləşmə tələb edir.
Məncə, bu sual olduğumuz mühitə görə dəyişir. Necə? İzah edim. Birinə pislik ediriksə şeytan, digərini seviriksə mələy oluruq. Beləcə, nəyi seviriksə, onu tərifləyir, bizdə olmayanı pisləyirik.
Düşünün, əlimizdə “Mercedes” markalı avtomobilimiz var və dostumuz “Audi” almaq istəyir. Biz “Audi”ni görmədən, minmədən elə pisləyirik ki, elə bil vaxtilə bizi yolda qoyub və ya şəxsi istifadəmizdə olub. Hər kəsə öz sürdüyümüz maşını tövsiyə edir, taxdığımız saatı tərifləyir, istifadə etdiyimiz ətri məsləhət görürük.
Əslində, hər birimiz bir az yalançıyıq və kim olduğumuzu bilirik. Ancaq nə edək ki, saxta təriflərə ehtiyacımız var. Doğrudanmı biz özümüzük? Yoxsa illər boyu öyrəndiyimiz rolların, qorxuların, maraqların və gözləntilərin cəmiyik?
İnsan bəzən o qədər “olmalı olduğu” şeylər arasında qalır ki, çaşqınlıqdan ayıla bilmir. Buna görə də mütəmadi olaraq cəmiyyət bizdən uyğunlaşma, mühit maska, münasibətlər isə rol gözləyir. Bu qarmaqarışıqlığın içində isə “mən” anlayışı tədricən silinir, bulanıqlaşır və formasını dəyişir.
Gələk əsas məsələyə! Əslində insan kim olmağı yox, kim olmağın ona daha sərfəli olduğunu düşünərək hərəkət edir. Yəni bir var həyatda kimsə olmaq, bir də var çıxarlar üçün cilddən-cildə girmək.
İnsana ən çox təsir edən amil mühitdir. Mühit dəyişdikcə xarakter də dəyişir. Bir yerdə sakit və xoşbəxt olan insan başqa bir mühitdə aqressiv və pessimist ola bilir. Bu dəyişkənlik çox zaman uyğunlaşma kimi izah olunur, amma əksər hallarda bu, özündən qaçmağın başqa adıdır.
Heç kim deyə bilməz ki, birini aldatmaq istəyəndə dürüst olur. Elə ustalıqla səmimiyyət nümayiş etdiririk ki, şeytan belə bizə paxıllıq edir. Sözlərimiz ölçülü, davranışlarımız nəzakətli olur. Təbii ki, altında yatan məqsəd saf deyil.
Bizi tanıyanların yanında özümüzü daha yaxşı, daha fədakar, daha mərhəmətli göstərməyə çalışırıq. Halbuki bu keyfiyyətlərin hamısı sadəcə həmin an üçün keçərlidir.
İnsan həm maddi, həm də fikir və dünyagörüşü baxımından nəyə sahibdirsə, onu müdafiə edir. Özünün inandığı fikir ən doğru, seçdiyi yol ən düzgün, atdığı addım nümunəvi və verdiyi qərar ən məntiqli görünür. Onun düşüncəsində başqasının seçimi qəbulolunmazdır.
Hər birimiz bilmədiyimiz, sınamadığımız şeylər haqqında qəti hökm veririk. Çünki insanın həqiqətə yox, əminlik hissinə ehtiyacı var.
Bəs biz nə zaman öz zəifliklərimizi görür və duyuruq?
səsini eşidib həqiqətlə üz-üzə qalanda anlayırıq ki, özümüzə nə qədər ziyan vurur və xəyanət edirik. Fəqət bu hal bizi daha da ehtiyatlı olmağa vadar edir.
Bəzən fiziki olaraq bir yerdə olsaq da, mənəvi olaraq heç yerdə olmuruq. Bu dağınıqlıq bizi daim yorsa da, biz bunu həyat norması kimi qəbul edirik. Çünki düşünmək qorxuludur! Düşünmək özün olmaq deməkdir.
Özün olmaq isə hər kəsin xoşuna gəlməmək riskini qəbul etmək və tək qalmaq deməkdir. İnsan tək qalmaqdan qorxur. Ona görə də davamlı olaraq maska taxır, rol oynayır. Zaman keçdikcə bu maska sanki üzünə yapışır və onu çıxarmaq demək olar ki, mümkünsüz olur. Elə buna görə də bizə özümüz yox, başqalarının gözündəki versiyamız daha inandırıcı gəlir.
Gəlin kiçik bir eksperiment aparaq: Günün sonunda hərəmiz öz otağımıza girib güzgünün qarşısında dayanaq. Diqqətlə özümüzə, daha doğrusu, güzgüdəki adamın gözlərinin içinə baxaraq qərar verək:
Biz həqiqətən özümüz olmağı sevirik, yoxsa özümüz olmadığımız halda rahat yaşamağı? Şübhəsiz ki, bu sualın cavabı hər kəs üçün fərqlidir. Mənim cavabım isə budur: Ən çox başqaları yox, özüm olmaqla məşğulam.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru
