1 yaşlı müdrik – “NUHÇIXAN”

A- A A+

Dünyanın ikinci atası adlandırılır Nuh. Dünyanın növbəti həyat ocağı məhz Nuhun çıxdığı məkanda – Nuhçıxanda, Naxçıvanda qalandı. Beləliklə Naxçıvan bəşəriyyətə informasiyanı, məlumatı, keçmişlə bağlı Gəmidəkilərin yaddaşında qalan bilgiləri, eyni zamanda ayrı-ayrı canlıların var olma xəbərini də çatdırmış, ötürmüş oldu.

Nuh müdrik idi. Yaradanın tufan təhlükəsindən xəbərdar etdiyi müjdələnmiş müdrik peyğəmbər idi. Nuh İlahinin ona yüklədiyi məsuliyyəti öz üzərinə götürməyi və yükün altından uğurla çıxmağı da bacardı.

O müdrikin tufandan sonra ayaq basdığı müqəddəs torpaqda adını daşıyan onlarla yer adları tarixin yaddaşından bizə əmanət edildi. Onlardan biri də bölgənin adının etimoloji mənasını daşıyan “Nuhçıxan”dır. Nuhçıxan isə özlüyündə Naxçıvanın ad olaraq brendinə çevrildi. Bu brend altında 1 il öncə növbəti bir müdrik müasir dünyanın informasiya məkanına qədəm qoydu. Bu gün həmin “müdrik”in doğum günüdür. 1 yaşı tamam olur – “Nuhçıxan” İnformasiya Agentliyinin.

Bəs, 1 yaşlı müdrik!? Bunu necə anlamalı? Ya da necə qəbul etməli? Edə bilməlimi? Sual özlüyündə cavab istəyir. Cavab isə əminliklə veriləcək sadəlikdədir – Bəli! Cavabımızı isə aşağıdakı şəkildə əsaslandıra bilərək:

“Nuhçıxan”1 il öncə doğulsa da öz yaşından hədsiz dərəcədə böyük işləri yerinə yetirə bildi. 

“Nuhçıxan” 1 il öncə dünyanı salamlasa da, bu gün dünyanın hər nöqtəsində salamını – xəbərlərini gözləyirlər.

“Nuhçıxan” 1 il öncə informasiya yaymağa başlasa da bu gün o istinad olunan mənbədir.

“Nuhçıxan” 1 il öncə ilk xəbərini paylaşsa da bu gün bir çox özü kimi informasiya agentliklərinin, xəbər portallarının, sosial şəbəkələrin, media və mətbuat orqanlarının təbrik etdiyi səmimi dostdur.

“Nuhçıxan” 1 il öncə balaca körpə kimi görünürdüsə, bu gün müdrik qoca təsiri bağışlayır.

“Nuhçıxan” 1 il öncə ilk addımını atmışdısa, bu günə qədər onun büdrədiyini görməmişik.

Belə olan halda, onun müdrik adlandırılma haqqı yoxdurmu!

“Nuhçıxan” İnformasiya Agentliyindən biz nə qədər yeni xəbərin ilk cümləsini oxuduq. Həm də son nöqtəsinə çatmamış ekrandan gözümüzü çəkməyi bacarmadıq. “Nuhçıxan” adını daşıdığı, xəbər məsuliyyətini daşığıdı, informasiya yükünü daşıdığı bölgənin tarixi keçmişinə də nüfuz edə bildi, gələcək taleyinə də inam oyatdı, ictimai-siyasi həyatına da güzgü tutdu, mədəniyyətini, ədəbiyyatını da təbliğ etdi, iqtisadiyyatını da gözlər önünə sərdi. İnsanlarını da tanıtdı. Bütün bu sadalananları isə dayanmadan, yorulmadan, yubanmadan, usanmadan təbliğ etməyindədir.

Naxçıvan Muxtar Respublikasının KİV dünyasından dünya KİV ailəsinə qoşulmağı bacaran “Nuhçıxan” İnformasiya Agentliyi öz komandası ilə biz yerli oxucuların da qürur və fəxr mənbəyinə çevrilməyə nail oldu.

Bu münasibətlə “Nuhçıxan” kollektivini, “Nuhçıxan” oxucularını, “Nuhçıxan”ı sevən hər biri kəsi təbrik edirəm.

İnanıram ki, adını daşıdığı müdrik Nuhun vətənindən dünyaya ən yeni informasiyaları ən sürətli şəkildə və ən obyektiv münasibətlə çatdırmaqla növbəti doğum günlərində bizləri daha çox sevindiricəkdir.

Yazımın əvvəlindəki bir cümləni təkrar etmək istəyirəm: Nuh İlahinin ona yüklədiyi məsuliyyəti öz üzərinə götürməyi və bu yükün altından uğurla çıxmağı da bacardı – “Nuhçıxan” da.

Doğum günün mübarək, 1 yaşlı müdrik “Nuhçıxan”!

Elxan YURDOĞLU,

Filologiya üzrə fəlsəfə doktoru, şair-publisist

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: