Culfada 2025-ci ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, yanvarın 14-də “2025-ci ildə Culfa rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat tədbiri keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP Culfa Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Culfa Rayon Mədəniyyət Sarayında davam edən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova hesabat məruzəsində bildirib ki, tikinti quruculuq işləri əvvəlki illərdə olduğu kimi 2025-ci ildə də diqqət mərkəzində saxlanılıb, Culfa şəhərində 132/110/35/10 Kvt-luq yarımstansiya və “Darıdağ” Arsenli Su Müalicəxanasının tikintisi davam etdirilib, Bənəniyar Su anbarını Əlincə çayından qidalandıran 6550 metrlik “Sağ-sahil” kanalının yenidən qurulması işlərinə başlanılıb. Culfa şəhərində prospekt və küçələrdə, ümumilikdə, 8 yaşayış binasının istilik xətləri yenilənib, Yaycı kəndində 360 nəfərlik, Ərəfsə kəndində isə 200 nəfərlik mərasim evi tikilib. Həmçinin 2025-ci il ərzində 3,3 km məsafədə Gal və Şurud kənddaxili yollarında əsaslı təmir işləri aparılıb, rayonun magistral yollarında, şəhərdaxili və kənddaxili yollarda, ümumilikdə, cari təmir-bərpa və quraşdırma işləri aparılıb.
Sara Hüseynova rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sektorun təhlilini apararaq bildirib ki, ötən il kənd təsərrüfatı sahəsində məhsul istehsalı 2024-cü illə müqayisədə 1 milyon 653 min 900 manat artaraq 45 milyon 20 min 200 manat təşkil edib. Rayonda ekoloji cəhətdən müxtəlif növ təmiz ərzaq məhsulları yetişdirən 155 ailə təsərrüfatçısına lazımi dövlət dəstəyi göstərilib, onların istehsal etdiyi məhsulların Culfa və Naxçıvan şəhərlərindəki bazarlara çıxarılaraq satışının həyata keçirilməsinə şərait yaradılıb.
İcra Hakimiyyəti başçısının müavini nəqliyyat, fasiləsiz təbii qaz və elektrik enerjisi ilə təminat, rabitə, poçt, ekologiya, məşğulluq, sosial müdafiə, səhiyyə, təhsil, mədəniyyət, idman və digər sahələrdə görülən işləri də diqqətə çatdırıb, 2026-cı ildə qarşıda duran vəzifələrdən bəhs edib.
Culfa Rayon Statistika İdarəsinin rəisi Məhərrəm Məmmədov və Maliyyə Şöbəsinin müdiri Röyal Məmmədov müvafiq sahələr üzrə hesabatlar təqdim ediblər.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Rəhimzadə çıxışında qeyd edib ki, 2025-ci il Azərbaycanın həyatında yadda qalan illərdən biri kimi xarakterizə olunacaqdır. Azərbaycanın qalib ölkə kimi Zəfər tarixinin 5 illiyini, eyni zamanda Konstitusiyasının qəbul olunmasının və müstəqilliyinin 30 illiyini mühüm tədbirlərlə qeyd etdi. Ötən il Culfa rayonunun timsalında Naxçıvan Muxtar Respublikasının həyatında da mühüm nailiyyətlərlə yadda qalıb. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” əsasında müasir yollar çəkilib, geniş infrastruktur layihələrinin icrasına başlanılıb. Ən başlıcası Naxçıvanda qarşıdakı 10 il müddətində vergi güzəştlərinin tətbiqinə başlanılır. Naxçıvanın həyatında müstəsna əhəmiyyəti olan Zəngəzur dəhlizi artıq reallaşır. Siyasi qərar var və artıq bu proseslərə başlanılıb. Bu təkcə Naxçıvan üçün deyil, həm də Azərbaycanın həyatında mühüm hadisələrdən biridir və Zəngəzur dəhlizinin açılışı ilə Naxçıvanda yeni bir iqtisadi dövr başlayacaq.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxıb. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyata qovuşmasına mütləq əminlik yaradır.
Samir Seyidəhmədli vurğulayıb ki, ölkədə milli maraqlar, sosial ədalət və demokratiya kimi prinsiplərə əsasən milli və müasir idarəetmə modelinin qurulması istiqamətində ardıcıl islahatlar aparılır. Onların əsas qayəsini səmərəli və demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi və nəticə etibarilə ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması təşkil edir. Prezident İlham Əliyev vətəndaş-məmur məsələsinə toxunarkən qeyd edib ki, dövlət məmurları daim insanlarla təmasda olmalı, bütün kəndlərdə camaatın qayğıları ilə yaşamalı, onları narahat edən problemləri məhz onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq. Bu baxımdan hər bir dövlət məmuru fəaliyyətini xalqın mənafeyinə xidmət üzərində qurmalı, vətəndaşla daim ünsiyyətdə olmalı, onların problemlərinə biganə qalmamalıdır.
Səlahiyyətli nümayəndənin müavini əminliklə ifadə edib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq Naxçıvanda və bütövlükdə ölkəmizdə həyata keçirilən tədbirlər Azərbaycanın daha güclü, daha firavan gələcəyini təmin edəcəkdir. Xüsusilə qeyd edib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasnın 2023-2027-ci illəri əhatə edən dövlət proqramı regionun sosial-iqtisadi inkişafının yeni mərhələsini müəyyənləşdirir. Proqramdan irəli gələn vəzifələrin icrası çərçivəsində iqtisadi fəallığın artırılması, sahibkarlığın dəstəklənməsi, məşğulluğun genişləndirilməsi və əhalinin rifahının yüksəldilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir.