Ordubadda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat tədbiri keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir kİ, yanvarın 14-də “2025-ci ildə Ordubad rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat tədbiri keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Ehtibar İsmayılov, Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ordubad rayonunu təmsil edən deputatlar, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

         Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Ordubad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək xatirəsini ehtiramla anıblar. 

        Ordubad Rayon Mədəniyyət Sarayında davam edən tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tədbirdə çıxış edərək vurğulayıb ki, ölkəmizə həyata keçirilən uğurlu siyasətin tərkib hissəsi olaraq Ordubad rayonunda da son illər, o cümlədən 2025-ci il ərzində sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində mühüm işlər görülüb. Xüsusilə Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamı da əsas götürülməklə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq 2025-ci ildə Ordubad şəhərinin tarixilik və müasirlik prinsiplərini özündə birləşdirən Baş Planının hazırlanması istiqamətində mühüm addımlar atılıb. Dövlət proqramına uyğun olaraq rayonun bir sıra avtomobil yollarında əsaslı təmir işləri aparılıb. 2025-ci ildə Ordubad şəhərindəki XVII əsr abidəsi olan Cümə məscidinin təmir və yenidənqurma işləri yekunlaşıb. Həmçinin XVIII əsrə aid olan Sərşəhər məscidinin və Ordubad Mədrəsəsinin bərpası  ilə əlaqədar layihələndirmə işləri başa çatıb. Ordubad şəhərində layihə-smeta sənədləri yekunlaşan Şəhidlər Xiyabanı Abidə Kompleksinin abadlaşdırılması nəzərdə tutulur. Hazırda Ordubad şəhərinin mərkəzindəki  Ərbabın iş yeri tarixi binasında əsaslı təmir və bərpa işləri davam etdirilir.

Elektrik enerjisi və təbii qazla fasiləsiz təminat, poçt, rabitə və informasiya təminatı, avtomobil nəqliyyatı, məşğulluq, təhsil, səhiyyə, mədəniyyət, idman, ekoloji və digər sahələrdə görülən işlərdən də bəhs edən Rəcəb Rəhimli göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından ölkə başçısına dərin minnətdarlığını bildirib, görülən işlərdə əməyi olan hər kəsə təşəkkür edib, qarşıda duran vəzifələrdən danışıb.

Ordubad Rayon Maliyyə Şöbəsinin müdiri Yamin Mehbalıyev və Təhsil Şöbəsinin müdiri Samir Zeynalov tədbirdə çıxış edərək müvafiq sahələr üzrə görülən işlərdən bəhs ediblər.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxışında əlamətdar və uğurlu nəticələri ilə 2025-ci ilin Azərbaycan tarixində dərin iz buraxdığını qeyd edib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mühüm iqtisadi nailiyyətlər, siyasi nüfuz qazanıb, iqtisadi imkanlarımız daha da genişlənib. Ötən il həm də Zəngəzur dəhlizi ilə bağlı məsələlərə yekun siyasi nöqtə qoyulub. Bu dəhliz açıldıqdan sonra Naxçıvanı daha böyük uğurlar gözləyir. 2025-ci il Ordubad rayonunun yaşayış məntəqələrində də bir çox yeniliklərə səbəb olub, müasir infrastruktur layihələri həyata keçirilib, müasir yollar çəkilib. Ümumiyyətlə, bütün işlər insan amilinə verilən böyük dəyərdir. Naxçıvanda kifayət qədər uğurlu işlər var və 2026-cı ildə də Azərbaycanın tarixində, Naxçıvanımızın və Ordubadın həyatında ən yadda qalan illərdən biri olacaqdır.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edərək bildirib ki, bu gün ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə yaradıcı yanaşma və ardıcıl siyasət əsasında uğurla davam etdirilir, bunun nəticəsində ölkəmiz mühüm nailiyyətlər əldə edir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bu inkişaf strategiyasının fəal iştirakçısı olaraq qarşıdakı mərhələdə də Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramından irəli gələn mühüm vəzifələrin icrasını təmin etməlidir. Sosial-iqtisadi inkişaf, infrastrukturun yenilənməsi və dövlət proqramnın vaxtında, keyfiyyətlə və nəticəyönümlü icrasını təmin etmək əsas məqsədlərdən biridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: