Naxçıvan Dövlət Teleradiosu muxtar respublikanın dünyaya açılan pəncərəsidir - FOTOLAR

A- A A+

Naxçıvanda ilk dəfə olaraq Radio Verilişləri Komitəsi 1932-ci il aprelin 1-də yaradılıb. 1963-cü il martın 12-də qısa xəbərlərlə televiziyanın ilk sınaq yayımı həyata keçirilib, avqustun 14-də isə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi təşkil olunub. Həmin dövrdə maddi-texniki bazası zəif olan, cəmi bir baş redaksiya ilə fəaliyyət göstərən Naxçıvan Dövlət Televiziyasının yayım dairəsi də olduqca məhdud idi.

Naxçıvan teleradiosu 1969-cu ilədək yalnız Naxçıvan şəhərində yayımlanıb. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra bütün sahələrdə olduğu kimi, televiziya və radio da yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndərimizin tapşırığı ilə qısa müddət ərzində Azərbaycan Televiziyasının verilişlərinin muxtar respublika ərazisində yayımlanması və yerli teleradionun imkanlarının genişləndirilməsi üçün texniki məsələlər öz həllini tapdı, verilişlərin qəbulu üçün 10-dan çox radio-televiziya xətti və yarımstansiyalar quraşdırıldı. Bununla da, teleradionun muxtar respublikanın əksər bölgələrində yayımlanmasına nail olundu.

Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə Naxçıvan Dövlət Televiziyası və Radiosu böyük inkişaf yolu keçib, teleradio müstəqil kanalda yayımlanmağa başlayıb. Müxtəlif illərdə teleradionun maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, müasir texniki avadanlıqlarla təchiz edilib. Yeni yayım avadanlıqları qısa zamanda analoq yayımın yüksək keyfiyyətli rəqəmsal yayımla əvəzlənməsinə şərait yaratdı. Beləliklə Naxçıvan Dövlət Televiziyası ölkəmizdə ilk dəfə olaraq yüksəkkeyfiyyətli HD formatda yayıma başladı. İlbəil avadanlıqları yeniləşdirilən dövlət teleradiosunda bu gün dünyanın qabaqcıl ölkələrinin teleradiolarında istifadə olunan ən müasir texniki avadanlıqlar quraşdırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı “Tədbirlər planı”nın təsdiq edilməsi barədə” 2018-ci il 6 fevral tarixli Sərəncamı teleradionun fəaliyyətini daha da genişləndirmişdir. Tədbirlər planına əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 fevral tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi aparatının, yaradıcı heyətinin və texniki istehsalat sahəsinin ştat cədvəllərində dəyişikliklər edilib, muxtar respublikada ilk dəfə “Nuhçıxan” İnformasiya Agentliyi yaradılıb,  Proqram Buraxılış və Əlaqələndirmə Direksiyasının əsasında “Proqram direksiyası” və “Efirə Buraxılış və Əlaqələndirmə direksiyası”, Naxçıvan teleradiosunun “Nuhçıxan” xalq çalğı alətləri ansamblı və “Aparıcılar qrupu”nun əsasında radionun “Səhər Verilişləri redaksiyası” təşkil olunub.

Tədbirlər planına əsasən maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə 22 adda 200 min manata yaxın yeni yayım və çəkiliş avadanlıqları alınaraq istifadəyə verilib. Xüsusi sifarişlə yığılan mobil çəkiliş studiyası və çəkiliş pultu, əlaqə qurğuları, videokamera dəstləri, professional fotokamera, “GoPro” kameraları, “Osmo” hərəkətli kamera, SDCAM qurğuları, “Dynacord” səs pultu, “Sony” markalı əl mikrofonları, siqnalçevirici qurğular, 600 metrlik HD kabel və qutuları, eləcə də alınıb gətirilmiş digər avadanlıqlar ən son texnologiyaya əsaslanır.

 

Ötən il mayın 15-də Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Nuhçıxan” İnformasiya Agentliyinin təqdimatı olub. Agentliyin nuhcixan.az internet saytı hazırlanıb. Saytda Azərbaycan, ingilis və rus dillərində operativ informasiyalar təqdim olunur. “Naxcivantv.az” saytının və “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyətini təşkil etmək məqsədi ilə televiziyada “İnformasiya təminatı və saytlarla iş redaksiyası” təşkil olunub. Geniş izləyici kütləsi toplayan “Nuhçıxan” İnformasiya Agentliyi Naxçıvanın mühüm informasiya mənbəyi olmaqla yanaşı, həm də müstəqil ölkəmizin əsas informasiya portallarından birinə çevrilib. Agentliyin saytında gündəlik olaraq yerli əhəmiyyətli xəbərlər, ölkə və dünyada baş verən hadisələr izləyicilərə çatdırılır.

Yaradılan şərait nəticəsində 15 iyun 2018-ci il tarixdən Naxçıvan Dövlət Televiziyası və Radiosunun efir vaxtı daha 1 saat artırılaraq 19 saata  çatdırılıb. “Xəbərlər” redaksiyasının studiyaları yenidən qurulub.

Teleradioda kadr hazırlığı sahəsində də ardıcıl tədbirlər görülür, kinooperatorlar, rejissorlar və aparıcılar üçün davamlı olaraq təkmilləşdirmə kursları keçirilir. Ötən dövrdə 50-dən artıq kadr, o cümlədən Naxçıvan Dövlət Universitetinin televiziyaya hamiliyə verilən Jurnalistika ixtisası üzrə gənclər sınaq müddəti dövründə hazırlanaraq Naxçıvan teleradiosunda işə qəbul olunub. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun fəaliyyəti də diqqətdə saxlanılıb, televiziyanın və radionun audioteka və videotekası zənginləşdirilib.

İstər Naxçıvan Dövlət Televiziyasında, istərsə də Naxçıvan Dövlət Radiosunda yaradılan maddi-texniki imkanlar, öz növbəsində, yaradıcı işin keyfiyyətinə də təsir edib. Əgər əvvəllər Naxçıvan Dövlət Televiziyasının istehsalı olan telemateriallar ümumi efirin 20-25 faizini təşkil edirdisə, hazırda bu rəqəm 70 faizədək yüksəlib. Son illər ərzində 70-dən artıq sənədli və televiziya filmi çəkilib. Naxçıvan Dövlət Televiziyasının öz istehsalı olan verilişlər və filmlər Türkiyənin TRT, ölkəmizdə Azərbaycan Dövlət Televiziyası, İctimai və Lider televiziyaları, AZƏRTAC vasitəsilə də tamaşaçılara təqdim edilir.

Televiziyada həftədə bir dəfə xəbər proqramları ingilis və rus dillərində də yayımlanır. Bu ildən başlayaraq ingilis dilində xəbərlər radio vasitəsilə də çoxsaylı dinləyicilərə çatdırılır.

Bu gün dünyanın istənilən yerindən Naxçıvan televiziyasını internet vasitəsilə izləmək mümkündür. Bu işlərin əsası 2016-cı il oktyabrın 17-də – Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ərəfəsində Naxçıvan Dövlət Televiziyasının internet üzərindən yayıma başlaması ilə qoyuldu. Bu, 25 ildən artıq blokada şəraitində yaşayan muxtar respublikada informasiya blokadasının yarılması demək idi.

Naxçıvan Teleradiosunun internet saytının və “Nuhçıxan” informasiya agentliyinin fəaliyyəti televiziyanın xarici ölkə mediaları ilə əlaqələrini genişləndirib, teleradionu dünyanın hər yerindən izləmək imanı yaranıb. Bütün bunların nəticəsidir ki, Naxçıvan Dövlət Televiziyasının canlı yayımı Bakı şəhərində fəaliyyət göstərən “KTV” və “myvideo.az”, Rusiyada fəaliyyət göstərən “Livetv.az” internet saytlarında və Türkiyənin “Dreamstar” kabel televiziyasında təşkil edilib. “Livetv.az” vasitəsilə artıq dünyanın istənilən məkanından smartfonlar vasitəsilə Naxçıvan Televiziyasının canlı efirini izləmək mümkündür.

2018-ci ilin noyabr ayından Naxçıvan Dövlət Radiosunun “Youtube” kanalı üzərindən canlı yayımının təşkil edilməsi radioya minlərlə dinləyici auditoriyası qazandırıb. Hazırda Naxçıvan televiziyasının da “Youtube” kanalı üzərindən test yayımı həyata keçirilir.  Teleradio son illər sosial şəbəkələrdəki aktivliyini daha da artırıb, 10 min izləyicisi olan 4 “Youtube” kanalı,  100 mindən çox istifadəçisi olan 6 “Facebook” səhifəsi və qrupu, 30 min istifadəçisi olan “İnstagram” səhifəsi və 4 min istifadəçisi olan “Twitter” səhifələrində televiziyanın 20 mindən artıq video və veb materialı yerləşdirilib.

Bu gün dünyanın istənilən yerində televiziyanın izlənilməsi muxtar respublikanın tanıdılmasına, diyarımızda həyata keçirilən böyük quruculuq tədbirlərinin, insanların yaşayış səviyyəsi, qədim diyarın mədəniyyəti, tarixi-mədəni irsi və milli dəyərləri haqqında məlumatların daha geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan verir. Naxçıvan Teleradiosu və “Nuhçıxan” İnformasiya Agentliyi muxtar respublikanın dünyaya açılan pəncərəsi olaraq Naxçıvanın dünyada tanıdılması və təbliği işini bundan sonra da davam etdirəcəkdir.

Dövlət Televiziya və Radio Verilişləri Komitəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: