Şahbuzda 2025-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair hesabat tədbiri keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, yanvarın 15-də “2025-ci ildə Şahbuz rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat tədbiri keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev, Milli Məclisin deputatı Səttar Möhbalıyev, YAP Şahbuz Rayon Təşkilatının sədri Rizvan Məmmədov, Ali Məclisin deputatları, rayоnun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.

Şahbuz Rayon Mədəniyyət Sarayında davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev qeyd edib ki, rayonda quruculuq tədbirlərinin geniş vüsət alması daha çox investisiya qoyuluşuna səbəb olub, 2025-ci ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 7 milyon 615 min 200 manat təşkil edib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyaların həcmi 6 milyon 943 min 400 manat olub. Ötən il 26 min 890 manatlıq sənaye məhsulu istehsal olunub. Büdcə vəsaitlərindən səmərəli istifadə оlunmasına diqqət artırılıb, bank, maliyyə, vergi sisteminin sağlamlaşdırılması və təkmilləşdirilməsi sahəsində əməli tədbirlər həyata keçirilib. 2025-ci ildə rayоnun yerli büdcəsinin gəlirləri 3 milyon 500 min manat plana qarşı 4 milyon 153 min 448 manat icra оlunaraq, büdcəyə 653 min 448 manat çox vəsait daхil оlub. Yerli büdcə xərcləri isə 4 milyon 416 min manat dürüst təyinata qarşı 3 milyon 239 min 143 manat olmaqla 1 milyon 176 min 857 manat qənaətlə icra edilib. Rayon iqtisadiyyatının əsasını təşkil edən və əhalinin əsas məşğulluq sahəsi olan aqrar sahəyə maraq artıb. 2025-ci ildə rayon üzrə 36 milyon 440 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

Rəfael Babayev informasiya təminatı, rabitə və poçt, ekologiya, yol-nəqliyyat, su təsərrüfatı, enerji təminatı, məşğulluq, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə görülən işləri də diqqətə çatdırıb, 2026-cı ildə qarşıda duran vəzifələrdən danışıb.

Tədbirdə Şahbuz Rayon Maliyyə şöbəsinin müdiri Elçin Hüseynovun və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Orxan Rzayevin hesabat çıxışları dinlənilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxışında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinə söykənərək Azərbaycanın siyasi sabitliyini, iqtisadi gücünü və beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini, ölkəmizi yeni inkişaf mərhələsinə yüksəltdiyini vurğulayıb. Qeyd edib ki, bu strateji xəttə sadiqlik, dövlət-xalq birliyinə əsaslanan idarəetmə və xalqa xidmət prinsipi Azərbaycanın davamlı tərəqqisini və firavan gələcəyini təmin edən əsas amil olaraq qalacaqdır. Bu gün Naxçıvanda su, enerji, yol-nəqliyyat, rabitə, kommunal təsərrüfat sahələrində dayanıqlı və müasir həllərin tətbiqi, əhalinin həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində iş aparılır. Kənd təsərrüfatı, turizm və xidmət sahələrinin inkişafı, sahibkarlığın dəstəklənməsi və yeni iş yerlərinin yaradılması məqsədilə yerli potensialdan səmərəli istifadə olunması, investisiya təşviqlərinin genişləndirilməsi, müasir infrastrukturun formalaşdırılması və biznes subyektlərinin inkişafı üçün ardıcıl və nəticəyönümlü tədbirlər həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: