Yanvarın 16-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, komitənin sədri Hicran Hüseynova, əvvəlcə, regionda və dünyada baş verən ictimai-siyasi proseslərdən, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın mənafeyi naminə dövlətimizin maraqlarının qorunması, regionda sülhün bərqərar olması istiqamətində görülən məqsədyönlü işlərdən danışıb.
Sonra Hicran Hüseynova iclasın gündəliyində duran məsələlər - 2025-ci ilin payız sessiyası dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabatı və komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsini təqdim edib.
O diqqətə çatdırıb ki, 2025-ci ilin payız sessiyası ərzində Ailə, qadın və uşaq məsələləri komitəsinin 13 iclası keçirilib, 15 məsələyə baxılıb. Sessiya müddətində 5 qanun layihəsi, o cümlədən 1 qanun layihəsi bir oxunuşda, 4 qanun layihəsi üç oxunuşda müzakirə edilib. Bu sənədlər ailə institutunun möhkəmləndirilməsinə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində hüquqi bazanın təkmilləşdirilməsinə mühüm töhfələr verəcək.
Nəzərə çatdırılıb ki, ötən sessiya dövründə vətəndaşlardan daxil olmuş ərizə və məktublara komitədə baxılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti təşkilatlara göndərilib. Müraciətlərdə qaldırılan bir sıra məsələlərlə bağlı müvafiq icra strukturları ilə əlaqə saxlanılaraq həllinə nail olunub. Seçicilərlə həm Milli Məclisdə, həm də yerlərdə mütəmadi görüşlər keçirilib, lazımi izahatlar verilib.
Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsini təqdim edən Hicran Hüseynova bildirib ki, bu sessiya müddətində ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi sahəsində aktual mövzularla bağlı ictimai dinləmələrin keçirilməsi planlaşdırılır. O, keçən ilin dekabrında “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın hazırlandığını söyləyərək, ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində əsaslı addımların atıldığını, o cümlədən normativ hüquqi bazanın formalaşdırıldığını, institusional mexanizmlərin yaradıldığını deyib. Komitə sədri, bununla yanaşı, müasir çağırışlar fonunda bu sahədə mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsinə ehtiyac duyulduğunu bildirib. Həmçinin uşaq hüquqlarının müdafiəsi ilə bağlı məsələlərə dair müzakirələrin nəzərdə tutulduğunu qeyd edib. O, eyni zamanda, müvafiq qanunların icrası ilə bağlı görüşlərin keçirilməsinin vacibliyindən danışıb.
Gündəlikdəki məsələlərin müzakirəsi zamanı komitənin sədr müavini Jalə Əliyeva, deputatlar İlham Məmmədov, Pərvin Kərimzadə, Sevinc Hüseynova, Mehriban Vəliyeva, Səbinə Xasayeva, Ülviyyə Ağayeva, Günay Ağamalı, Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər, öz fikir və qeydlərini açıqlayıblar.
İclasda komitənin 2025-ci ilin payız sessiyasında gördüyü işlər məqbul hesab olunub, 2026-ci ilin yaz sessiyası üçün nəzərdə tutulan iş planının layihəsi təsdiqlənib.
