Vətənə sevgi bəzən sözlə ifadə olunur, bəzən isə susaraq can verməklə. Rövşən Abdullayev məhz ikinci yolu seçənlərdən olub.
Rövşən Abdullayev 16 yanvar 1969-cu ildə Lerik rayonunda dünyaya göz açıb. Uzun illər burada yaşadıqdan sonra ailəsi ilə birlikdə Lənkəran şəhərinə köçüb. 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi Məktəbinə daxil olub, 1991-ci ildə bu ali təhsil ocağını əla qiymətlərlə bitirərək leytenant rütbəsi alıb.
Vətənə qayıdan Rövşən Abdullayev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında xidmətə başlayıb. Azərbaycan xalqının başı üzərini qara buludlar aldığı o ağır günlərdə o, rahat və təhlükəsiz həyatı seçənlərdən olmadı. Yalnız öz taleyini deyil, xalqının və Vətəninin taleyini düşünərək döyüş yolunu seçdi.
Qəhrəman Vətəni öz taleyindən ayrı təsəvvür etmirdi. Çünki ən çətin anlarda Vətən onu səsləyirdi. 13 sentyabr 1993-cü il — cəmi 23 illik bir ömrün son səhifəsi yazıldı. Zəngilan rayonunun Qazançı kəndi istiqamətində gedən ağır döyüşlərdə Rövşən Abdullayev son nəfəsinə qədər vuruşdu.
O gün o, bir millətin torpağına sahib çıxdı, özü isə torpağa tapşırıldı. Şəhidlik zirvəsinə ucaldı. Ölüm onun adını tarixdən silmədi, əksinə, əbədiləşdirdi.
15 yanvar 1995-ci il tarixli fərmanla Rövşən Abdullayevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Bu ad bir insan ömrünə verilən ən uca qiymət, bir xalqın sonsuz minnətdarlıq möhürüdür.
Bu gün Rövşən Abdullayev təkcə bir şəhid deyil. O, Vətən sevgisinin simvolu, Azərbaycanın qürur səhifəsinə adını yazdırmış qəhrəman gənclərimizdəndir.
Nurtac İsmayılova
