Ağdam və Kəlbəcərdə məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib - FOTOLAR
“AZCON Holding”in şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən Ağdam rayonunun şəhər mərkəzi, Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində və Kəlbəcər rayonunda məskunlaşma olan yaşayış məntəqələri və fəaliyyət göstərən biznes subyektləri telekommunikasiya xidmətləri ilə təmin edilib və sözügedən rayonlarda müasir avadanlıqlar quraşdırılıb.
NUHÇIXAN xəbər verir ki, bununla da Ağdam rayonu ərazisində internet də daxil olmaqla telekommunikasiya xidmətləri ümumi olaraq 974 ev təsərrüfatı və 23 biznes subyektini, Kəlbəcər rayonunda 121 ev təsərrüfatı və 22 biznes subyektini əhatə edib. Ağdam və Kəlbəcərdə yeni məskunlaşmış sakinlər təmin olunan internetin keyfiyyətindən razı qaldıqlarını bildiriblər.
Beləliklə, GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə abunəçilərə (ev təsərrüfat və biznes subyektləri) yüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri təqdim edilir.
Vətəndaşlar bu xidmətlərə qoşulmaq üçün “Aztelekom”un 170 – “Çağrı mərkəzi”nə zəng edə, ərazi üzrə xidmət göstərən Ağdam şöbəsinə, (ünvan: Ağdam rayonu Quzanlı qəsəbəsi), Kəlbəcər şöbəsinə (ünvan: Kəlbəcər rayon mərkəzi), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.