Adəm ya adam?

A- A A+

Neçə vaxtdır şüuraltımda dolaşan bir sual var: niyə Adəm, niyə Həvva? Niyə “ilk insan” deyil, “ilk Bəni-Adəm” deyilir? Niyə ağıllı insan deyəndə “Homo sapiens”, ondan əvvəl gələn mərhələdə isə neandertal insan anlayışı ortaya çıxır? Bu sualların hər biri bizi eyni tezisə gətirir: insan anlayışı təkcə bioloji varlıq deyil, mənəvi bir yükdür. Elə bu nöqtədə ikili bir mənzərə yaranır: Adəm və insan.

Adam və insan. 

Gələk Mərəndə!

Diqqət etsək görərik ki, tarixdə “ilk bəşər” anlayışı ilə “ilk Bəni-Adəm” anlayışı üst-üstə düşmür. Bəşər bioloji varlıqdır, Adəm isə məsuliyyət daşıyan. Həyat da məhz bu səbəbdən paradokslarla doludur. Baş açmaq çətindir, çünki biz zamanla bir çox anlayışı bir-birinə qatmışıq. Elə “adam”la “insan” sözlərini də eyni palçıqdan yoğurub mayasını tutmuşuq. Halbuki onlar eyni görünməsinə baxmayaraq tamamilə fərqli mənalar daşıyır.

Xalq şairi Məmməd Arazın şeirlərində də “adam”la “insan” sözləri qoşa atılsa da heç zaman qoşa düşmədi. Çünki bu iki anlayış eyni cümlədə yanaşı dayansa da, eyni çəkini daşımır. Bəs nədir onları bir-birindən ayıran səbəblər?

Bir anlıq düşünək. Ətrafımızda bir insan var, adı “Qəhrəman”dır. O, bizə öz məqsədləri çərçivəsində yanaşır. Lazım olanda aldadır, lazım olanda başımızın altına yastıq qoyur, işi düşməyəndə üzümüzə durur, dünən dediyini bu gün danır. Bu, insandır. Ondan hər şey gözləmək olar. Çünki o, hərəkətlərini vicdanla yox, maraqla ölçür. Buna görə də insan çox vaxt məqsəd, adam isə dəyərdir. 

İnsan istifadə edirsə, adam münasibət qurur. İnsan qazanc güdürsə, adam paylaşmağı bacarır. Biri dəyişkəndir, digəri sabit. Bu gün səni alqışlayan insan sabah səni unutmağa çalışır. Adam isə səni unutmağa səbəb axtarmaz, çünki sadiqlik onun xasiyyətindədir. Mənə görə insandan hər şey gözləmək olar, fəqət adamdan yox. Çünki xəyanət adama yaraşmır. Adam verdiyi sözün ağırlığını daşıyar, düşünər, ölçər, biçər. İnsan öz məqsədləri üçün sevib, öz rahatlığı üçün susarsa, adam sevməyi də, susmağı da bacarar. Adam inam yeridir, qürur yeridir, ona həm əmanət həm sevgi etibar etmək olar. 

Adam anlayışı Adəmlə başlayır. Adəm məsuliyyət deməkdir. Adəm səhv edir, amma məsuliyyətdən boyun qaçmır. İnsan isə səhvini min bir bəhanə ilə ört-basdır edir. Adam günahını etiraf etdiyi halda, insan bu günaha ad tapır.

Biz bu iki anlayışı nə qədər ki, eyniləşdirəcəyik, deməli cəmiyyət içində etibar da aşınacaq. Çünki biz adamdan gözlədiyimiz davranışı insandan tələb edirik. Buna  nail olmadıqda isə məyus oluruq.

Halbuki problem gözləntidədir, qarşı tərəfdə yox. İnsandan “adamlıq” gözləmək ən böyük qəbahətdir.

Atalarımızın bir məşhur sözü var: Hər doğulan insan olmur, hər insan da adam. Adam olmaq üçün ağıl kifayət etmir, vicdan lazımdır. Adam olmaq üçün savad yetmir, mərhəmət lazımdır. Adam olmaq üçün güc yox, ədalət şərt olmalıdır.

Bu yazını yazmaqda məqsədim insanı yerlə bir etmək deyil, adamı xatırlatmaqdır. Çünki bu gün dünyada insan çoxdur, adam az. Biz “adam kimi davran” deyəndə əslində böyük bir əxlaq kodeksini bir cümləyə sığışdırırıq.

Bəlkə də çıxış yolu elə buradadır: insan olaraq doğulmaq, amma adam olaraq yaşamaq. Adəmin övladı olmaqla kifayətlənməyib, Adəm kimi məsuliyyət daşımaq. Çünki bəşəri xilas edəcək olan insanlıq yox, adamlıqdır.

 Aqşin Yenisey demişkən: Yol yoxdursa, çıxış yolu hələ ki, azmaqdır!

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: