Bu gün Qahirədə İslami İşlər üzrə Ali Şuranın 36-cı beynəlxalq konfransı işinə başlayıb. Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi altında keçirilən konfransın mövzusu “İslamda peşələr: süni intellekt dövründə onların etik prinsipləri, təsirləri və gələcəyi”dir.
NUHÇIXAN xəbər verir ki, 60-dan çox ölkədən nümayəndə heyətləri, beynəlxalq İslam təşkilatları və dini qurumların rəsmi təmsilçilərinin iştirak etdiyi konfransda ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev təmsil edir.
Konfransda radikal ideologiyaya qarşı vahid strategiyaların hazırlanması, dini qurumların ictimai sabitlikdəki rolu, müasir təbliğatda rəqəmsal vasitələrdən istifadə yollarının araşdırılması mövzusunda müzakirələr aparılacaq.
Tədbirin əsas məqsədi İslam dəyərləri ilə rəqəmsal gələcəyin perspektivləri arasında körpü yaratmaq, İslamın real həyatın və müasir dövrün tələblərinə cavab verən, onlara uyğunlaşa bilən bir din olduğunu təsdiqləməkdir.
