Bir neçə gündür “NUHÇIXAN”-ın ünvanına göndərilən təbrik məktublarında qeyd olunur ki, bu informasiya agentliyi muxtar respublikanın informasiya blokadasının yarılmasına ciddi töhfədir. Bu blokadanın real nümunəsi ilə sizi tanış etmək istəyirəm. Bir neçə gün bundan öncə material hazırlamaq üçün yolum Babək rayonunun Xal-xal kəndindən düşmüşdü. Ötən əsrin 90-cı illərində muxtar respublikada giley-güzarın ana xəttində dayanan problemlərdən biri də informasiya blokadası ilə bağlı idi. O illərin canlı şahidlərindən olan xal-xallı Elçin Hüseynov deyir: “Təsəvvür edin ki, o illərdə-ölkəmizdə müharibə getdiyi bir vaxtda heç bir yerlə əlaqəmiz yox idi. Radiolar, telefonlar işləmirdi. İşıqlar tez-tez söndüyü üçün televizora da baxa bilmirdik. Ümumiyyətlə, respublikada baş verən yeniliklərdən bir neçə ay sonra xəbər tuturduq.
İndi isə hər evdən telefon səsi gəlir, hərənin cibində 1-2 telefon var. Evlərdə və iş yerlərində kompüterlər, daimi internet şəbəkəsi mövcuddur. Elə mən özüm 53 yaşım olmasına baxmayaraq, hər gün Naxçıvanın ilk informasiya agentliyi olan “NUHÇIXAN”-ı izləyirəm. Ölkəmizdə və muxtar respublikamızda cərəyan edən hadisələrdən, yeniliklərdən xəbərdar oluram. Sözümün canı budur ki, naxçıvanlılar olaraq informasiya blokadasını birdəfəlik yara bilmişik”.
Bu, hər hansı bir jurnalistin, ziyalının, həkimin, pedaqoqun yox, sadə kənd sakininin fikirləridir. Əgər “NUHÇIXAN” xal-xallı Elçin əminin evinə qədər uğurla yol tapıbsa, onu hər hansı bir informasiyaya inandıra bilibsə, deməli, hazırlanan hər bir xəbərdə, reportajda jurnalist dəqiqliyi, qərəzsizliyi, operativliyi, peşəkarlığı var. Bu gün informasiya agentliyində öz kəndini, şəhərini, qəsəbəsini görən hər kəs həmin məlumatların daha geniş məkanda yayılmasına çalışır.
Belə bir deyim vardır ki, şairin, yazıçının oxucusu, mütaliə edəni bir əsr bundan sonra da yaşaya bilər. Amma jurnalistin oxucusu, tamaşaçısı izləyicisi bu gün var olur. Bu mənada “NUHÇIXAN” informasiya agentliyinin əməkdaşlarına daim operativlik arzu edirəm. Muxtar respublika həqiqətlərinin dünyaya çatdırılması yolundakı şərəfli missiyanızda uğur arzu edirəm.
P:S-Bu gün həm də Naxçıvan Teleradiosunun 87 yaşı tamam olur. Bu böyük məktəbin yetirməsi kimi kollektivə uğurlar. 87 yaşın mübarək, doğma kanal!..
Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru