Cəsarət o silahda deyil, onu daşıyan ürəkdədir

A- A A+

“ŞƏHİD” anlayışı müqəddəs bir zirvədir. Onların ölümü torpağa yox, əbədiyyətə qovuşmaqdır. Xalqın təhlükəsizliyi, dövlətçiliyimizin qorunması naminə daima ön sıralarda dayanan Azərbaycan polisi arasında da torpaq üçün canından keçən igidlər  zaman -zaman var olub. Onlardan biri də Azərbaycan Milli Qəhrəmanı Məhərrəm Seyidovdur.  

7 sentyabr 1952-ci ildə Şərur rayonun Alışar kəndində, zəhmətkeş bir ailədə dünyaya gələn Məhərrəm Seyidov tanrının ona bəxş etdiyi bu işıqlı dünyada cəmi 37 il yaşadı. Sonralar bu ömür yolu bütöv bir xalqın qürur və iftixar tarixçəsinə döndü. Azərbaycanın ilk milli qəhrəmanı, dörd bacının bir qardaşı  olan bu mərd oğul elə uşaqlıqdan  dostluqda sədaqətli, cəsur idi.

Nə qədər sakit təbiətli olsa da bir o qədər də üsyankar bir ürəyə sahib olan Məhhərəm Seyidov hərbi xidmətini Xerson şəhərində başa vurduqdan sonra  uşaqlıqdan bəri arzuladığı polis peşəsinə yiyələnir. 1970-ci ildən  Daxili İşlər Orqanlarında çalışır. Şərur, Şahbuz və Ordubad rayonlarında xidmət edir. Xidməti dövründə hər zaman seçilir və fəaliyyəti yüksək qiymətləndirilir. 1980-cı ildə Moskvada ictimai asayişin  mühafizəsində fərqləndiyinə görə mükafatlandırılır. Onun polis andına sədaqəti, peşəyə olan sevgisi özünü Azərbaycan xalqının azadlıq mübarizəsində - 20 Yanvar hadisələrində də göstərdi. Həmin hadisələr ərəfəsində , 1990-cı ilin yanvar ayının 16-dan erməni silahlı birləşmələri Kərki kəndində azğın əməllərinə başlayanda təhlükə barədə Şərur rayon  Daxili İşlər Şöbəsinə məlumat daxil olur.  Hadisə yerinə göndərilən  onlarla  polis əməkdaşı arasında Məhərrəm Seyidov da olur. 

O, Kərki uğrunda gedən döyüşlərdə   iştirak edir.  Yanvarın 18-də  Sədərəyə yaxın postlarda  gedən  qanlı döyüşlərdə Sədərəyin müdafiəsi təmin olunsa da, ölən və yaralananlar olur. Məhərrəmin döyüş yoldaşlarından kapitan Azər Seyidov mühasirəyə düşür. Güllə yağışının altında özünü döyüş yoldaşına çatdıran  Məhhərəm Seyidov onu mühasirədən çıxarsa da özü ağır yaralanır və yanvarın 19-da  şəhid olur. 

Bir qərinədən əvvəl  yazılan o hadisələrdə hər qəhrəman layiqli yerini tutdu.  Son nəfəsinədək elinin, obasının keşiyində duran, onun qeyrətini çəkən, ağır yaralanan döyüş yoldaşlarının imdadına çatan Məhərrəm Seyidov da  şəhadətindən sonra “Azərbaycanın Millli qəhrəmanı” adına layiq görülən ilk şəhidlərdən olur.
Hər səhər günəşin şəfəqləri  Tejqar dağının sərt qayalarını yarıb keçəndə dağlar o igidlərin hekayələrini danışır.   Sədərəyin  dağları şəhidlərin qanından qırmızı rəngə boyansa da qeyrət qalası kimi qorundu. Sədərəyə “Qeyrət qalası” ifadəsini isə Məhərrəm Seyidov kimi oğullar qazandırdı. Deyilənə görə akademik Budaq Budaqov  o zamanılar  Ermənistan SSRİ-nin Siddi kəndində  yaşayan soydaşlarımızla görüşə gedəndə  onun təhlükəsizliyini qorumaq  Məhərrəm Seyidovun öhdəliyinə düşüb. Budaq Budaqov ona “bir tapança ilə məni necə qoruyacaqsan?” deyəndə- cavabında “Cəsarət o tapançada deyil, onu daşıyandadır” deyir.  Elə  buna görə də, onun ölməz adı gələcək nəsillərə mərdliyin, cəsarətin və vətənpərliyin simvolu kimi qalıb. 
                                                     

Türkanə Əmoyeva 
                                Naxçıvan televiziyasının redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: