Xəbəri bizdən alın

A- A A+

Başlıq bir qədər fərqli ola bilər, lakin bu yazı da günlərdir ki, Nuhçıxan İnformasiya Agentliyinin 1 yaşı münasibətilə agentliyin ünvanına göndərilən təbriklərdən biridir.

1 il  əvvəl bu gün fəaliyyətə başlamışdı “Nuhçıxan” İnformasiya Agentliyi. Fəaliyyətə başlamasından bir ay sonra isə mənim yolum kəsişmişdi onunla. Agentliyin təqdimat mərasimində bizə olan etimad yüksək, bizdən gözlənilən iş isə çox idi. Eynilə evin tək uşağına olan ümidlər kimi. Muxtar respublikanın ilk və hələlik tək informasiya agentliyinin də cəmiyyət qarşısında öhdəlikləri böyük idi. Hərçənd ki, kollektivə ən son qatılan üzv mən idim, amma, ümumilikdə götürəndə komanda heyəti yeni təşkil olunmuşdu.

Jurnalistika sahəsində bir neçə illik təcrübəsi olan biri kimi bilirdim ki, bu peşəni seçmisənsə onu ya sevməlisən, ya da ki... sevməlisən.  Qısaca, gördüyün hər işə sevgini qatmalısan. Əks halda səndə alınmayacaq. İkinci qızıl qanun isə kollektiv olaraq işləməyi bacarmalısan. Bax bu qanun zamanla bizim devizimiz oldu. Yayımlanan hər xəbər kollektiv əməyi sayəsində ortaya çıxan iş idi. Paylaşdığımız isə sadəcə iş deyildi. Eyni zamanda işimizin alqışını da, nöqsanını da paylaşmağı zamanla öyrənmişdik.

Hər hansısa bir insan, ya da məkan haqqında hər birimizin yaddaşında birbaşa onu xatırladan nələrsə olur. Vaxtilə “Nuhçıxan”- ın əməkdaşı olaraq, burayla bağlı onlarla yaddaqalan hadisələr danışa bilərəm. Lakin ən mühümünü qeyd edəcəyəm. Bu, Günnüt zəfəriylə bağlıdır. Zəfərin ilk xəbərçiləri olaraq evlərinizin qonağı olmuşduq. İnformasiyanı bir an əvvəl sizə çatdıraq deyə o anın həyəcan və sevincini belə doya-doya yaşaya bilməmişdik. Həmin ankı qarışıq iş prosesini isə zənnimcə qeyd etməyə ehtiyac yoxdu.

Bir neçə gün sonra isə veriliş hazırlamaq üçün Günnütdə yollananlar içində bizim də kollektivdən nümayəndə var idi. Səhərin erkən saatlarında yola düşmüş  komanda günbatımına az qalmış geri qayıtmışdı. Koridordan eşidilən səs-küyə qulaq verərkən qapı açıldı və baş redaktorumuz içəri keçdi. Üzü günəşdən yanmış, əlində isə bir dəstə sarı rəngdə dağlarda bitən güllərlə. Günnüt torpaqlarından toplanmışdı onlar. Qurumuş olsalar belə, hələ də “Nuhçıxan”ın otağında qalırlar.

Qısaca, kollektiv olaraq onlarla bu səpkidə hadisələrə şahidlik etmişik, müxtəlif təəssüratlar yaşamışıq. Həm də birgə, eynilikdə.

Bu gün “Nuhçıxan” İnformasiya Agentliyi 1 yaşını qeyd edir. Fəaliyyətində bir ili geridə qoysa da, dəyişən yaşı olacaq. Devizi isə olduğu kimidir: “Xəbəri bizdən alın”!

 

                                      Fatma Babayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: