Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında soyuq, kəskin və yağıntılı hava şəraiti müşahidə olunur. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
FHN-dən NUHÇIXAN-a verilən məlumata görə, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə olunmamalı, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.
Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda, hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər. “Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur. Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə edilir. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət olunmalıdır. Təhlükə zamanı 112-yə zəng edin!”,- deyə müraciətdə bildirilib.
