20 Yanvardan tarixi zəfərə: Müstəqilliyin və suverenliyin təntənəsi

A- A A+


Azərbaycan xalqının müasir tarixində 1990-cı ilin 20 Yanvar hadisələri sadəcə bir faciə deyil, həm də xalqın iradəsinin, azadlıq eşqinin və sarsılmaz ruhunun rəmzi kimi ucalır. O qanlı gecədə sovet imperiyasının zirehli texnikası qarşısına əliyalın çıxan vətən övladları öz qanları ilə müstəqilliyimizin ilk səhifəsini yazdılar. Bakının küçələrinə tökülən şəhid qanı, illərdir ürəklərdə sıxılan azadlıq həsrətini vulkan kimi püskürtdü və xalqın öz taleyini təyin etmək hüququnu bütün dünyaya bəyan etdi.

Şəhidlərimiz bizim azadlıq carçılarımızdır. Onlar canlarını fəda edərək sübut etdilər ki, heç bir silah, heç bir qadağa və heç bir imperiya xalqın müstəqillik arzusunu boğa bilməz. 20 Yanvar hadisəsi xalqımızın milli kimliyini qorumaq uğrunda apardığı mübarizənin ən yüksək zirvəsi oldu. Həmin gün Şəhidlər Xiyabanında ucalan hər bir məzar daşı, bu gün üzərində fəxrlə gəzdiyimiz müstəqil Azərbaycanın təməl daşlarıdır.

Uzun illər boyu biz 20 Yanvarı həm hüzn, həm də qürur günü kimi qeyd etdik. İndi isə bu tarixi tamamilə fərqli bir ruhda qarşılayırıq. Artıq biz sadəcə mübarizə aparan deyil, həm də qalib bir xalqıq. 44 günlük Vətən müharibəsi və ondan sonrakı lokal antiterror tədbirləri nəticəsində qazanılan tarixi zəfər, 20 Yanvar şəhidlərinin də ruhunu şad etdi. İllər öncə Bakı küçələrində dalğalanan üçrəngli bayrağımız, bu gün Şuşada, Xankəndidə və Xocalıda eyni əzəmətlə dalğalanır.

Bu gün Azərbaycan qürurun və zəfərin təntənəsini əbədi müstəqillik və tam suverenliklə qeyd edir. Dövlət suverenliyimizin ölkənin hər bir qarışında bərpa olunması, 20 Yanvarda başlanan o böyük yolun məntiqi və şanlı yekunudur. Biz artıq ərazi bütövlüyü məsələsini həll edib, regionda yeni reallıqlar yaradan güclü bir dövlətik. Şəhidlərimizin tökülən qanı hədər getmədi. O qanlar üzərində sarsılmaz, qüdrətli və tam suveren bir respublika ucaldı.

Tarixi zəfərimiz həm də bizim mənəvi bütövlüyümüzün təzahürüdür. Biz xalq olaraq göstərdik ki, zaman keçsə də, nəsillər dəyişsə də, azadlıq və vətən sevgisi dəyişməz qalır. 20 Yanvarın gənc fədailərinin yolunu 2020-ci ilin qəhrəmanları davam etdirərək, Azərbaycanın adını qalib dövlətlər siyahısına qızıl hərflərlə yazdırdılar. Bu, bir xalqın öz keçmişinə sadiqliyinin və gələcəyinə inamının ən böyük sübutudur.

Nəticə olaraq, 20 Yanvar bizim üçün artıq təkcə göz yaşı və kədər günü deyil, həm də bizi zəfərə aparan yolun başlanğıcıdır. Şəhidlərimizin əziz xatirəsini hər zaman ehtiramla anarkən, onların bizə əmanət etdiyi bu müstəqil və suveren vətəni göz bəbəyimiz kimi qorumaq hər birimizin müqəddəs borcudur. Azərbaycan bu gün daha güclü, daha əzmli və daha qürurludur. Zəfərin mübarək, ey şanlı Azərbaycan!

 

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: