“Nuhçıxan” İnformasiya Agentliyinin 1 illiyi rəngarəng tədbirlə qeyd olunub - YENİLƏNİB - VİDEO - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Nuhçıxan" İnformasiya Agentliyinin yaradılmasının 1 illiyi münasibətilə tədbir keçirilib
Tədbirin aparıcıları qeyd ediblər ki, zəngin tarixə malik olan Naxçıvan teleradiosu yeni inkişaf mərhələsinə qədəm qoyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən televiziya və radionun fəaliyyətinə yüksək səviyyəli şərait yaradılıb, onun cəmiyyət həyatına təsirinin daha da artmasına nail olmaq baxımından muxtar respublikamızda ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib.
Kütləvi informasiya vasitələrinin inkişafına göstərilən qayğıdan yaranan və bu gün yaradılmasının 1 illiyini qeyd etdiyimiz "Nuhçıxan" İnformasiya Agentliyi də bu tarixi prosesin davamıdır. "Nuhçıxan" Naxçıvan haqqında ilkin informasiyanı 3 dildə, veb və video xəbər olaraq öz izləyicilərinə çatdırır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun adından ötən 1 ildəki uğurlu fəaliyyətinə görə “Nuhçıxan” İnformasiya Agentliyinin kollektivinə təşəkkür edib.
Ülvi Hüseynli qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 6 fevral tarixli Sərəncamına əsasən yaradılmış “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyətə başlaması ölkəmizin ictimai-mədəni həyatında əlamətdar hadisə idi.
Bildirilib ki, Ümummilli liderimiz Heydər Əliyevin söz, fikir və mətbuat azadlığının təmin olunması sahəsində əsasını qoyduğu dövlət siyasəti bu gün ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün geniş imkanlar yaradılır. Mətbuat orqanlarına, teleradiolara olan hərtərəfli qayğının nəticəsidir ki, bu sahədə böyük keyfiyyət dəyişiklikləri yaranmış, informasiya-məlumatlandırma işi günün tələbləri səviyyəsində qurulmuş, muxtar respublikanın kütləvi informasiya vasitələri yeni inkişaf müstəvisinə çıxmışdır.
Artıq muxtar respublika mətbuatı ən müasir maddi-texniki bazaya malikdir. Təkcə ötən il dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manata yaxın olan müxtəlif avadanlıqlar alınmışdır.
Ülvi Hüseynli deyib ki, “Nuhçıxan” İnformasiya Agentliyinin yaradılması Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların geniş oxucu, tamaşaçı və dinləyici auditoriyasına çatdırılmasına imkan verib.
“Nuhçıxan” İnformasiya Agentliyinin əsas uğurlarından biri də Naxçıvan Muxtar Respublikası barədə informasiyaların ölkə və dünya miqyasında yayılması sahəsində fəaliyyət göstərməsidir. Artıq ölkə və dünya mediası Naxçıvanla bağlı istənilən informasiyada agentliyin saytına istinad edir. Agentliyin ölkəmizdəki, eləcə də Türkiyədəki bir çox informasiya portalları ilə səmərəli əməkdaşlığı məmnunluq doğurur.
Bu gün “Nuhçıxan” İnformasiya Agentliyinin kollektivi Naxçıvan həqiqətlərini olduğu kimi ictimaiyyətə çatdırır. Fəxrlə demək olar ki, agentlik qərəzsiz, dəqiq, operativ və obyektiv informasiyanın çatıdırılması sahəsində artıq yeni bir yanaşmanın - Naxçıvan nümunəsinin əsasını qoyub.
Bildirilib ki, 1 aprel həm də muxtar respublikada Teleradio Verilişləri Komitəsinin yarandığı gündür. Ülvi Hüseynli bu münasibətlə dövlət Teleradiosunun kollektivini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Ali Məclis Sədrinin mətbuat orqanları qarşısında qoyduğu vəzifələrin icrası bundan sonra da Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, eləcə də “Nuhçıxan” İnformasiya Agentliyinin kollektivlərinin əsas fəaliyyət istiqaməti olacaqdır.
"Nuhçıxan" İnformasiya Agentliyinin baş redaktoru Səməd Canbaxşiyev qeyd edib ki, “Nuhçıxan” İnformasiya Agentliyinin ötən bir il ərzində geniş oxucu kütləsinə təqdim etdiyi dəqiq və operativ xəbərlər, məlumatlar müasir jurnalistikanın tələblərinə uyğun şəkildə işlənərək çatdırılıb. İnternet saytının imkanlarından istifadə edilərək materiallar yazı, foto və video formatında hazırlandığı üçün oxucu və izləyicilərin diqqətini çəkməklə yanaşı, onlar üçün rahat və əlçatan olub.
Səməd Canbaxşiyev qeyd edib ki, əməkdaşlar bir il ərzində “Nuhçıxan” İnformasiya Agentliyində 13 mindən çox xəbər yerləşdiriblər. "Nuhçıxan" İnformasiya Agentliyi həm də yaradıcılıq üslubu ilə fərqlənir. Yoxlanılmış dəqiq faktlar, tutarlı dəlillər, rəsmi mənbələrdən əldə edilən məlumatların təqdimatı sayta oxucu və izləyici auditoriyasının inamını qazandırıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncam və Fərmanlarını, rəsmi qurumların mətbuat xidmətlərinin göndərdiyi məlumatları, peşəkar jurnalistlərin yazdığı ictimai-siyasi əhəmiyyətli yazıları hər gün on minlərlə insan maraqla məhz "Nuxçıxan"dan izləyir.
Azərbaycan Respublikasının əməkdar jurnalisti Qahirə Hüseynova tədbirdə çıxış edərək deyib ki, "Nuhçıxan" Naxçıvan Muxtar Respublikasının mətbuat tarixində informasiya blokadasının yarılmasında yeni bir tarixi mərhələnin başlanğıcını qoyub. Muxtar respublika ziyalıları, peşəkar və gənc jurnalistlər üçün əsl mənada yaradıcılıq tribunasına çevrilən “Nuhçıxan” informasiya agentliyinin saytında onların elmi, publisistik yazılarına geniş yer verilir. Qahirə Hüsynova agentliyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Shil Tahirli deyib ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə Naxçıvan Dövlət Televiziyası və Radiosu böyük inkişaf yolu keçib, teleradio müstəqil kanalda yayımlanmağa başlayıb. Müxtəlif illərdə teleradionun maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, müasir texniki avadanlıqlarla təchiz edilib. Yeni yayım avadanlıqları qısa zamanda analoq yayımın yüksək keyfiyyətli rəqəmsal yayımla əvəzlənməsinə şərait yaratdı. Beləliklə, Naxçıvan Dövlət Televiziyası ölkəmizdə ilk dəfə olaraq yüksək keyfiyyətli HD formatda yayıma başladı. İlbəil avadanlıqları yeniləşdirilən dövlət teleradiosunda bu gün dünyanın qabaqcıl ölkələrinin teleradiolarında istifadə olunan ən müasir texniki avadanlıqlar quraşdırılıb.
Bildirilib ki, Naxcivantv.az saytının və “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyətini təşkil etmək məqsədilə televiziyada “İnformasiya təminatı və saytlarla iş redaksiyası” yaradılıb. Geniş izləyici kütləsi toplayan “Nuhçıxan” İnformasiya Agentliyi Naxçıvanın mühüm informasiya mənbəyi olmaqla yanaşı, həm də müstəqil ölkəmizin əsas informasiya portallarından birinə çevrilib.
Sahil Tahirli qeyd edib ki, Bu gün dünyanın istənilən yerində televiziyanın izlənilməsi muxtar respublikanın tanıdılmasına, diyarımızda həyata keçirilən böyük quruculuq tədbirlərinin, insanların yaşayış səviyyəsi, qədim diyarın mədəniyyəti, tarixi-mədəni irsi və milli dəyərləri haqqında məlumatların daha geniş izləyici kütləsinə çatdırılmasına imkan verir. Naxçıvan Teleradiosu və “Nuhçıxan” İnformasiya Agentliyi muxtar respublikanın dünyaya açılan pəncərəsi olaraq Naxçıvanın dünyada tanıdılması və təbliği işini bundan sonra da davam etdirəcəkdir.
Komitə sədri yaradılan şəraitə, göstərilən yüksək diqqət və qayğıya görə kollektiv adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
Çıxışlardan sonra Naxçıvan teleradiosunun və "Nuhçıxan" İnformasiya Agentliyinin fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.
Sonra işlərində fərqlənən əməkdaşlara, eləcə də agentliklə fəal əməkdaşlıq edən dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərlərinə və informasiyaların sosial şəbəklərdə yayılmasında fəallıq göstərən bir qrup gəncə komitə sədrinin əmri ilə fəxri fərman və hədiyyələr təqdim olunub.
Dövlət Yol Polisi İdarəsinin Təbliğat üzrə baş inspektoru Ayaz İsmayılov, Səhiyyə nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Hüseyn Əsgərov, AMEA Naxçıvan Bölməsinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Türkanə Bəylərli, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinin rəhbəri Nəriman Nəcəfov, "Şərq qapısı" qəzetinin müxbiri Mətanət Məmmədova, "Şərqin səhəri" qəzetinin məsul katibi, tədqiqatçı-jurnalist Zaleh Novruzov, Televiziya və Radio Şurasının üzvü Sara Əzimova, "Nuhçıxan" İnformasiya Agentliyinin kompüter-qrafikaçısı Sahil Məmmədzadə və agentliyin məlumatlarının sosial şəbəkələrdə yayılmasında aktiv fəaliyyət göstərdiyinə görə Naxçıvan televiziyasının kinooperatoru Elşad Heydərov fəxri fərmanla təltif olunublar.
Eyni zamanda "Nuhçıxan" İnformasiya Agentliyinin video və veb məlumatlarının yayılmasında fəal iştirak etdiyinə görə Culfa rayon Milax kənd sakini, fəal gənc Loğman Quliyev, Sədərək rayon sakini, fəal gənc Aygün Həsənbəyli və Culfa rayon Əlincə kənd sakini, fəal gənc Kamran Hümbətov fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Təltif olunanlardan Hüseyn Əsgərov, Ayaz İsmayılov, Mətanət Məmmədova, Zaleh Novruzov, Elşad Heydərov göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Şərq Qapısı qəzetinin baş redaktoru Mehriban Sultanova, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və başqaları da əlamətdar gün münasibətilə kollektivi təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıblar.
Televiziya və Radio Şurasının üzvü Sara Əzimova və Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı Günel İbrahimova Agentliyə xatirə hədiyyələri təqdim ediblər.
Tədbirin bədii hissəsində televiziyanın "Nuhçıxan" xalq çalğı alətləri ansamblı konsert proqramı ilə çıxış edib.
Sonda xatirə şəkli çəkdirilib.
Məmməd Babayev