Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 6 fevral tarixli Sərəncamına əsasən yaradılmış “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 1 il ötür. Ötən bir ildə agentlik müasir media qrumu kimi formalaşmış, inkişaf mərhələlərini böyük məharətlə qət edərək ölkə və dünya informasiya məkanına sürətlə inteqrasiya etmişdir. Həqiqət yolunda yürümək, ədalət tərəzisini pozmamaq, qərəzdən uzaq durmaq, ictimai düşüncəyə yön vermək, maarifləndirmək, informasiya təqdimatında zamanla yarışmaq, yenilikçi olmaq, hadisələrə peşəkar və vicdanlı yanaşmaq agentliyin əsas iş prinsipi kimi böyük oxucu məmnuniyəti ilə qarşılanmışdır.
“Nuhçıxanı” fərqli edən digər bir cəhət isə milli mətbuat tariximizin əqidə və əməl saflığı prinsiplərinə sadiq qalması, kənar təsirləri və qeyri-peşəkar yanaşmaları rədd edərək doğrunun arxasınca mətin addımlarla irəliləməsidir.
Sözün, fikirin və mətbuatın azad olmasının əsas yolu cəmiyyətin buna hazır olmasından keçir. Ötən 20 ildən artıq bir dövürdə muxtar respublikada informasiyalı cəmiyyətin qurulması və bunun əsas şərti olaraq internetə çıxışın təmin olunması, kütləvi informasiya vasitələrinin inkişafı üçün görülən işlər, Ali Məclisin Sədri cənab Vasif Talıbovun jurnalistlərin fəaliyyəti üçün yaratdığı şərait, medianın inkişafını prioritet məsələ kimi müəyyənləşdirməsi azad sözün dəyərini artırıb, bu sahədə keyfiyyət dəyişiklikləri yaranıb. Teleradio və qəzetlərin, nəşriyyatların ən müasir avadanlıqlarla, müasir binalarla, avtomobillərlə təmin olunması, onlarla jurnalistlərə mənzil verilməsi, medianın ictimai nəzarət funksiyasının özünə qaytarılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və sərbəst fəaliyyətinə şərait yaradılması, Jurnalistika ixtisası üzrə kadr hazırlığının aparılması, qələm sahiblərinə ən yüksək dövlət qrumlarına qədər çıxış və nüfuz etmək imkanının yaradılması Naxçıvan mətbuatının son illər qazandığı mühüm uğurlar kimi diqqəti daha çox cəlb edir. Təkcə ötən il dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manata yaxın olan müxtəlif avadanlıqlar alınmışdır. Təbii ki, bütün bunların fonunda əldə olunan ən böyük nailiyyət isə Naxçıvanın informasiya blokadasının yarılmasıdır.
"Nuhçıxan" İnformasiya Agentliyi muxtar respublikanın mətbuat tarixində bir ilk olmaqla yanaşı, həm də Naxçıvanın dünya informasiya məkanına inteqrasiyada yeni və mahiyyət etibarilə peşəkar mərhələnin əsasını qoymuşdur. Virtual dünyada 3 dildə geniş oxucu və izləyici kütləsinə nüfuz edən agentlik Naxçıvanın qədim tarixinin və müasir inkişafının salnaməsini yaradır.
Ümummilli liderimizin siyasi-nəzəri irsinin təbliği, həyat keçirilən dövlət siyasəti, qədim diyarın sosial-iqtisadi inkişafı, tarixi və mədəniyyəti, eləcə də xalqımızın qədim adət-ənənələri, milli və mənəvi dəyərləri haqqında analitik materialların milyonlarla oxucu və izləyicilərə çatdırılması böyük zəhmətin bəhrəsidir. Agentliyin əməkdaşları 2018-ci ildə ölkəmizdə keçirilən Prezident seçkiləri, ölkə Prezidentinin və Ali Məclis Sədrinin iştirak etdiyi tədbirlər, Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilməsi, Günnüt qələbəsi və digər bu kimi mühüm hadisələr haqqında informasiyaların operativ işıqlandırılmasında peşakarlıq göstərmiş, dövlətçilik mövqeyindən çıxış edərək ictimaiyyəti düzgün istiqamətləndirmişlər.
Artıq ölkə və dünya mediası Naxçıvanla bağlı istənilən informasiyada agentliyə istinad edir.
“Nuhçıxan” İnformasiya Agentliyinin kollektivi Azərbaycanımız, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə bağlı yayılan qərəzli informasiyaların qarşısının alınması sahəsində də səmərəli fəaliyyət göstərir, Azərbaycan həqiqətlərini olduğu kimi dünyaya çatdırır. Bir sözlə, ətrafına minlərlə gənci toplayan və onların söz tribunasına çevrilən agentlik qərəzsiz, dəqiq, operativ və obyektiv informasiyanın çatıdırılması sahəsində artıq yeni bir yanaşmanın - Naxçıvan nümunəsinin əsasını qoymuşdur.
O cəmiyyət inkişaf edir ki, orada insanlar daha çox məlumat, informasiya sahibdirlər. "Nuhçıxan" geniş oxucu kütləsinə hər gün yüzlərlə informasiya ilə yanaşı, həm də günün nəbzini tutan analitik və publisistik məqalələr, videomateriallar, fotoşəkillər təqdim edir. Agentlik təkcə məlumatı çatdırmır, həm də oxucunun qayğılarına "qulaq asır" "dinləyir".
"Nuhçıxan" sosial mediada Naxçıvanı layiqincə təmsil edir. Bu gün cəmiyyətdə sosial statusundan, yaşından və peşəsindən aslı olmayaraq bütün oxucular üçün agentliyin söz boğçasında informasiya vardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ötən 1 ildəki uğurlu fəaliyyətinə görə “Nuhçıxan” İnformasiya Agentliyinin kollektivinə təşəkkür etməsi və fəaliyyətlərini yüksək dəyərləndirməsi muxtar respublikanın bütün media qurumlarının kollektivlərinin əməyinə verilən qiymətdir.