Zənnimcə dünya əhalisinin 40 faizinin sosial media istifadəçisi olduğu bir vaxtda Naxçıvanda informasiya agentliyinin –“Nuhçıxan”ın yaradılmasına zərurət var idi. Fəaliyyətə başladığı ilk gündən Naxçıvanla bağlı səhih, dolğun və ilk mənbədən informasiyaları nəinki Azərbaycan oxucusuna hətta dünyaya çatdırmağı bacardı. Ümid edirəm ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokadaya düşən Naxçıvan Muxtar Respublikasının informasiya blokadası da bu agentlik vasitəsi ilə tam yarılıb.
Naxçıvan həqiqətlərini geniş dünya ictimaiyyətinə çatdıracaq gücə malik olan “Nuhçıxan” medianın Naxçıvan nümunəsidir. Nəzərə alsaq ki, Naxçıvan strateji mövqedə yerləşir, Azərbaycanın təhlükəsizliyi və inkişafı üçün xüsusi rol oynayır, onda “Nuhçıxan”ın önəmi daha da artır. Sevindirici haldır ki, bu gün Naxçıvanla bağlı xəbərlərdə “Nuhçıxan”a istinad edilir. “Nuhçıxan” həm də Naxçıvan Muxtar Respublikasından kənarda yaşayan naxçıvanlılar üçün də doğma bir informasiya mənbəsi, ata yurdunun ən mühüm xəbərlər müjdəçisidir.
Düşünürəm ki, bu agentlik Naxçıvanda yeni nəsil jurnalistlərin də yetişməsində bir məktəb olacaq. Bir jurnalist kimi mütləq vurğulamalıyam ki, bu layihənin arxasında ciddi bir zəhmət və məsuliyyət dayanır. Bunu yazıları oxuyanda bir daha anlayırsan. Əziz “Nuhçıxan” kollektivi, sizə bundan sonrakı fəaliyyətinizdə uğurlar diləyir, neçə - neçə yubileylər keçirməyi arzulayıram.
Aqşin Kamal,
"Xəzər tv"-nin aparıcısı