“Nuhçıxan” bir yaşında - FOTOLAR
Azərbaycanın nüfuzlu "Kaspi" qəzetində "Nuhçıxan" İnformasiya Agentliyinin bir yaşının tamam olması münasibətilə agentliyin baş redaktoru Səməd Canbaxşiyevin yazısı dərc olunub.
NUHÇIXAN fotolarla zənginləşdirilən həmin yazını olduğu kimi təqdim edir:
Artıq bir ildir ki, minlərlə izləyicimiz xəbəri Naxçıvan Muxtar Respublikasının ilk rəsmi informasiya agentliyi olan "Nuhçıxan”dan alır. Agentlik Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 6 fevral tarixli "Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən yaradılıb. Agentliyin əsas fəaliyyət istiqamətləri muxtar respublika ilə bağlı ən mühüm hadisələr haqqında informasiyaları, şərh və rəyləri, analitik məqalələri, foto və videoinformasiyaları, rəsmi materialları öz kanalları, beynəlxalq internet şəbəkəsi və sosial şəbəkələr vasitəsilə yaymaqdır.
Agentliyin saytının əsas bölməsində Naxçıvan Dövlət Televiziyasının və Naxçıvan Dövlət Radiosunun canlı yayım linkləri yerləşdirilib. İstifadəçilər "NTV-canlı” və "104 FM-canlı” səhifələrinə keçid etməklə Naxçıvan Dövlət Televiziyasını və radiosunu internet üzərindən birbaşa izləyə bilirlər. Bu il isə səhifəmizdə "Naxçıvan Muxtar Respublikası-95” adlı banneri yerləşdirilərək muxtar respublikanın əlamətdar yubileyi münasibətilə verilən yazılar və videomateriallar yayımlanır.
Qeyd edək ki, yarandığı ilk günlərdən "Nuhçıxan” sözün əsl mənasında Naxçıvan həqiqətlərini dünyaya çatdırmaq üçün səfərbər olundu. Televiziyanın "Xəbərlər” redaksiyası ilə sıx əməkdaşlıq edən agentlik tez bir zamanda geniş oxucu və izləyici auditoriyası qazana bildi. Müasir jurnalistikanın və texnologiyanın imkanlarından istifadə edərək muxtar respublikada baş verən ən mühüm hadisələri yazı, foto və video şəklində öz səhifəsində, o cümlədən əməkdaşlıq etdiyi digər informasiya agentliklərinin səhifələrində yaymağa müvəffəq oldu. Faktların hazırlanmasında düzgün və peşəkar yanaşma, dəqiq, birinci mənbədən əldə edilən rəsmi məlumatlar izləyicilərin "Nuhçıxan”a inamını yaratdı. Nəticədə isə agentliyin yayımladığı xəbərlər az bir zamanda 100 minlərlə, hətta Şərur rayonunun Günnüt kəndinin işğaldan azad edilməsi ilə bağlı operativ məlumat milyonlarla insan tərəfindən oxundu.
Bu gün muxtar respublikada media sahəsində müşahidə edilən fəallaşmada məhz "Nuhçıxan”ın rolu danılmazdır. Agentlik Naxçıvanda fəaliyyət göstərən təşkilatların mətbuat xidmətlərini öz ətrafında toplayaraq muxtar respublika həqiqətlərini, görülən məqsədyönlü işləri geniş auditoriyaya çatdırmaqda onları vahid bir qüvvə halında birləşdirə bilib.
Naxçıvanda öz qələmi, intellekt səviyyəsi və jurnalist məharətilə seçilən yaradıcı ziyalılar agentliyin köşə yazarlarıdır. Onlar "Nuhçıxan”ın tribunasından istifadə edərək analitik yazıları, sanballı məqalələri, baş verən hadisələrə anında münasibət bildirən yazıları ilə geniş oxucu auditoriyası qazana biliblər.
"Nuhçıxan” İnformasiya Agentliyi öz xəbərlərini indi 3 dildə-Azərbaycan, rus və ingilis dilində yayımlayır. Bu isə təqdim edilən xəbərlərin dünya səviyyəsində yayılması deməkdir. Bu media qurumu Naxçıvan Muxtar Respublikasının informasiya blokadasının yarılmasında daha bir uğurlu addımdır.
Agentliyin yerli və əcnəbi media qurumları ilə sıx əməkdaşlığı da qurulub. Ölkənin ən nüfuzlu, sanballı media qurumları, informasiya agentlikləri, televiziyaları ilə qarşılıqlı informasiya mübadiləsi həyata keçirilir. "Azərtac” Dövlət İnformasiya Agentliyi, "Şərq qapısı” qəzeti, "Səs” İnformasiya Agentliyi, "Səs” qəzeti, "Səs” televiziyası, "İki sahil” qəzeti, "Trend” İnformasiya Agentliyi və Türkiyənin "İğdır” qəzeti, Türkiyənin Anadolu bölgəsində fəaliyyət göstərən media qurumları ilə tərəfdaşlıq mütəmadi olaraq davam edir. "İğdır” qəzeti öz internet səhifəsində "Nuhçıxan”ın bannerini yerləşdiməklə birbaşa keçid verib.
"Nuhçıxan” təkcə muxtar respublika səviyyəsində deyil, ölkəmizdə və dünyada gedən prosesləri də izləyir. Oxucuları üçün maraqlı olan xəbərlər və məlumatlara da öz səhifəsində geniş yer verir.
"Nuhçıxan” İnformasiya Agentliyinin əməkdaşları həmçinin Naxçıvantv.az saytını da idarə edirlər. Nəticədə həm "Nuhçıxan”, həm də "Naxçıvantv” adı ilə sosial şəbəkələrdə paylaşımlar edilir.
Qeyd edək ki, əməkdaşlar bu il ərzində "Nuhçıxan” İnformasiya Agentliyində 13 mindən çox xəbər yerləşdiriblər. Agentliyin "Youtube" kanalı üzərində abunəsinin sayı 10 min nəfərə, yayımlanan videoların sayı isə minə yaxındır. İnstagram sosial şəbəkəsində isə abunə sayı 30 minə yaxındır. Feyzbukdakı səhifə və qruplarımızda isə izləyici sayı 100 min nəfəri ötür.
Bu gün "Nuhçıxan” İnformasiya Agentliyi Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən media ordusunda bir əsgərə bənzəyir. Yaşının azlığına baxmayaraq yetərincə izləyici və tamaşaçı auditoriyası qazanan bu "yaşından böyük görünən əsgərin” məqsədi birdir- muxtar respublika həqiqətlərini bütün dünyaya çatdırmaq!
Səməd Canbaxşiyev,
"Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru