Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA yanında İctimai şuranın üzvləri ilə görüş keçirib.
ANAMA-dan NUHÇIXAN-a verilən məlumata görə, görüş zamanı 2026-cı ildə nəzərdə tutulan layihələr, yeni təşəbbüslər və fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri, digər aidiyyəti qurumların İctimai şura üzvləri ilə görüşün keçirilməsi, ölkəmizin üzləşdiyi mina probleminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması sahəsində mümkün fəaliyyət imkanları müzakirə edilib.
Bu ilin fevral ayında İctimai şura üzvlərinin Xankəndi şəhərinə, aprel ayında isə Laçın rayonuna səfərlərinin nəzərdə tutulduğu qeyd edilib. Səfər çərçivəsində ANAMA-nın əməliyyat sahələri, minatəmizləmə fəaliyyətinə cəlb edilən özəl şirkətlərin fəaliyyəti, eləcə də agentliyin mobil bazaları ilə tanışlıq, köç edən əhali ilə maarifləndirici görüşlərin keçirilməsi planlaşdırılıb.
Görüş qarşılıqlı fikir mübadiləsi və təkliflərin dinlənilməsi baxımından səmərəli olub.
