Naxçıvanda ilk dəfə olaraq “Yer saatı 2019 ” ekoloji kampaniyası keçirilib - VİDEO - FOTOLAR
Hər il mart ayının axırıncı şənbə günü milyonlarla insan dünyanın hər yerində işıqları bir saatlıq söndürərək planetimiz üçün diqqət, qayğı və sevgilərini nümayiş etdirirlər.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki “Təbriz” otelinin qarşısında saat 20:00 da bu təqvim xüsusi olaraq qeyd edilib. Aksiya iştirakçıları otelin qarşısına toplaşaraq şəhərin mərkəzində yerləşən binaların işıqlarının bir saatlıq söndürülməsi prosesini izləyiblər.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə “Yer saatı” kampaniyası çərçivəsində veloyürüş, rəqs qruplarının rəqsləri, fasiləsiz musiqi nömrələri və digər sürprizlər gənclərin marağına səbəb olub.
Qeyd edək ki, “Yer saatı” aksiyası Ümumdünya Vəhşi Təbiət Fondu tərəfindən hər il keçirilən beynəlxalq tədbirdir. Həmin iştirakçılar hər kəsi həyati əhəmiyyət daşımayan bütün elektrik cihazlarını bir saatlığa söndürməyə çağırır. Bununla da dünyada iqlimin dəyişməsinə diqqət ayırmağa çalışılır. Hər il aksiyada milyonlarla insan iştirak edir. Azərbaycan da rəsmi olaraq 2011-ci ildən "Yer saatı" kampaniyası qeyd edilir. Məşhur binaların fasad işıqları bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaəti təşviq edirlər.
Xanım Rüstəmzadə