Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında dörd məsələ müzakirə edilib

A- A A+

Yanvarın 21-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, komitə sədri Musa Quliyev əvvəlcə 2025-ci ilin sosial yekunları barədə danışıb. O bildirib ki, Azərbaycan dövlətinin daxili siyasətində sosial siyasət həmişə olduğu kimi keçən il də prioritet istiqamət təşkil edib. Dövlətimizin başçısının sərəncamı ilə 2025-ci ildə həyata keçirilən sosial islahatlar zərfindən söz açan komitə sədri bu tədbirlərin 3 milyondan çox vətəndaşın sosial rifahının yüksəlməsini təmin etdiyini diqqətə çatdırıb. Cari ilin dövlət büdcəsində də sosial xərclərin böyük çəkisini vurğulayan komitə sədri 2026-cı ilin sosial artım proqnozları ilə bağlı fikirlərini bölüşüb.

Sonra komitə sədri Musa Quliyev iclasın gündəliyi barədə məlumat verib. Gündəliyin birinci məsələsi - Milli Məclisin 2025-ci ilin payız sessiyası dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabatla bağlı bildirilib ki, ötən sessiya ərzində komitənin 17 iclası keçirilib və həmin iclaslarda 33 məsələ müzakirə olunub. Hesabat dövründə komitəyə daxil olan 241 ərizə, şikayət və müraciət araşdırılıb və müvafiq tədbirlər görülüb.

Əmək və sosial siyasət komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi barədə danışan Musa Quliyev bildirib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi və digər məsələlər nəzərdə tutulub. Həmçinin bu sessiyada Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı dinləmənin keçirilməsi planlaşdırılıb.

Gündəlikdə üçüncü məsələ olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı komitə sədri deyib ki, sənəddə minimum əməkhaqqının hər il yenidən baxılması müddəası təsbit olunur. Layihənin qəbulu həm də ölkəmizin beynəlxalq hesabatlarda reytinqinin də yüksəlməsinə xidmət edəcək.

Gündəliyin sonuncu məsələsi olan Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim edərkən komitə sədri beynəlxalq əmək standartlarının ölkəmizdə uğurlu tətbiqindən söz açıb. Qeyd olunub ki, Azərbaycan indiyə qədər Beynəlxalq Əmək Təşkilatının doqquz əsas konvensiyasına qoşulub. Sayca onuncu olan bu konvensiya preambula və 14 maddədən ibarətdir.

Sonra Beynəlxalq Əmək Təşkilatının (BƏT-in) Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev təmsil etdiyi təşkilatın təhlükəsizlik və sağlam iş mühiti prioritetləri barədə danışıb. Müzakirə olunan konvensiyanın bu sahədə əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın BƏT-in fundamental konvensiyalarına qoşulmasını ölkəmizdə sosialyönümlü siyasətin uğurla həyata keçirilməsinin, insanların sağlamlığının qorunmasına və əməyin mühafizəsinə ayrılan diqqətin aydın təzahürü kimi dəyərləndirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov çıxışında BƏT-in 187 nömrəli Konvensiyasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, Konvensiyaya əsasən, onu ratifikasiya edən ölkə istehsalatda əmək xəsarətlərinin, peşə xəstəliklərinin və bununla bağlı ölüm hallarının qarşısının alınması üçün milli siyasət, milli sistem və milli proqramlar hazırlamaqla əməyin təhlükəsizliyi və gigiyenasının davamlı olaraq təkmilləşdirilməsini təşviq edir və fəal tədbirlər görür.

İclasda komitənin 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün iş planı təsdiqlənib, qanun layihələri isə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: