Yanvarın 22-də Milli Məclisin Səhiyyə komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov gündəliyə 2025-ci ilin payız sessiyası ərzində Səhiyyə komitəsində görülmüş işlərin hesabatının, komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsinin, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.
Səhiyyə komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planı layihəsi barədə məlumat verən Əhliman Əmiraslanov qeyd edib ki, gələn sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələri müzakirə olunacaq və aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq davam etdiriləcək.
Məsələlərlə bağlı müzakirələrdə komitə üzvləri çıxış edərək fikirlərini söyləyiblər, təkliflərini bildiriblər.
İclasda komitənin 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul hesab edilib, 2026-cı ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
Daha sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirilib ki, qanun layihələrinə edilən dəyişikliklər onkoloji yardımın göstərilməsi sahəsində mövcud məhdudiyyətlərin aradan qaldırılmasını, bu xidmətlərin “Lisensiyalar və icazələr haqqında” Qanunun tələblərinə əsasən onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən də həyata keçirilməsini nəzərdə tutur. Dəyişikliklər onkoloji xəstələrin həkim və tibb müəssisəsi seçmək hüququnun genişləndirilməsinə və tibbi xidmətlərə çıxış imkanlarının artırılmasına xidmət edəcək.
Müzakirələrdə komitənin sədr müavini Rəşad Mahmudov və üzvü Pərvanə Vəliyeva çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, təkliflərini irəli sürüblər.
İclasın sonunda birinci oxunuşda olan qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
