Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında üç məsələ müzakirə olunub

A- A A+

Yanvarın 22-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, komitənin sədri Tahir Rzayev iclasın gündəliyinə 3 məsələnin - 2025-ci ilin payız sessiyası dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə hesabatının, komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsinin, Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin daxil edildiyini deyib.

Komitə sədri payız sessiyasında görülmüş işlər barədə məlumatı təqdim edərək, 2025-ci ilin ölkənin sosial-iqtisadi həyatında əlamətdar hadisələrlə yadda qaldığını, Prezidentin düşünülmüş müdrik siyasətinin ölkənin iqtisadi inkişafına, insanların rifah halının yaxşılaşmasına, perspektiv vəzifələrin daha dolğun yerinə yetirilməsinə böyük təkan verdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, Aqrar siyasət komitəsi ötən sessiya dövründə qanunvericilik işləri planına uyğun fəaliyyət göstərib.

Tahir Rzayev komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsindən söhbət açıb.

Sonra komitə sədri Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.

Bildirilib ki, qanun layihəsi dövlət mülkiyyətində olan hava limanlarının və aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının və aerodromların inşası zərurətinin torpağın alınmasına əsas verən dövlət ehtiyacları siyahısına daxil edilməsi məqsədilə hazırlanıb və sənəddə adıçəkilən qanunlarda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Təqdim olunan məsələlər ətrafında aparılan müzakirələrdə komitə üzvləri çıxış ediblər, öz qeyd və təkliflərini səsləndiriblər.

İclasda payız sessiyasında komitədə görülmüş işlər məqbul hesab olunub, yaz sessiya üçün komitənin iş planının layihəsi təsdiq edilib, gündəlikdəki qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: