Tarix bəzən illərlə deyil, saniyələrlə yazılır. O saniyələrdə insan ya öz taleyini, ya da bütöv bir xalqın taleyini seçməli olur. Yalçın Nəsirov və Hikmət Muradov məhz belə anlarda xalqına sahib çıxan igid oğullardan oldular. Onların ömrü qısa oldu, amma bu qısa ömür bir xalqın yaddaşında əbədiyyətə çevrildi.
Yalçın Canhəsən oğlu Nəsirov 23 yanvar 1976-cı ildə Astara rayonunun Sərək kəndində dünyaya göz açıb. İlk təhsilini də doğma torpağında alıb. 1994-cü il martın 19-da Azərbaycan Milli Ordusunun sıralarına qatılan Yalçın Nəsirov xidmət etdiyi hər bir mövqedə məsuliyyəti və intizamı ilə seçilirdi.
1995-ci ilin martında dövlətçiliyə qarşı yönəlmiş təhlükəli hadisələr zamanı Azərbaycanın digər igid oğulları kimi o da səngərdə idi. Elə həmin ay ağır yaralanan Yalçın Nəsirov bir həftə həyat uğrunda mübarizə apardı. Lakin 24 martda o, ən ali məqam olan Şəhidlik zirvəsinə ucaldı.
4 aprel 1995-ci ildə Yalçın Nəsirova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Bu ad onun yarımçıq qalan gəncliyinə deyil, tamamlanmış qəhrəmanlığına verilən qiymət idi.
Hikmət Oqtay oğlu Muradov isə 23 yanvar 1969-cu ildə Bakıda anadan olub. Pilotluq onun üçün sadəcə peşə deyil, Vətənə xidmətin başqa bir forması idi. 1991-ci ilin ən çətin günlərində Hikmət Muradov AN-2 təyyarəsi ilə dəfələrlə mühasirədə olan ərazilərə uçuşlar həyata keçirib. Silah-sursat, ərzaq daşınması, yaralıların təxliyəsi onun üzərinə düşən ağır və məsuliyyətli vəzifələrdən idi.
29 oktyabr 1991-ci ildə Xocalı rayonunun Xanabad kəndi üzərində düşmən raketi onun idarə etdiyi təyyarəni hədəfə aldı. Hikmət Muradov həyatını elə qoruduğu torpaq uğrunda itirdi. 25 noyabr 1992-ci ildə ona da ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.
Qəhrəmanlardan biri yerdə, digəri göydə Vətəni qorudu. Yolları fərqli oldu, amma ünvanları eyni idi — Vətən və əbədiyyət.
Nurtac İsmayılova
