Bir zərif xanımdan söz açmaq istəyirəm. Elə bir xanımdan ki, qələmi hələ uşaqlıq çağlarından taleyinin sirdaşı olub. O qələm təkcə yazı aləti deyil. Söz onun əlində hərflərdən çıxıb taleyin naxışına çevrilib.
Həm nəzmdə, həm də nəsrdə qələmini cilalayan bu incə ruh illər boyu sözün zərifliyinə sığınıb. Bu uzun və mənalı yolun sonunda o, oxucularının qarşısına doqquz kitabla çıxıb . Hər biri bir ömür hekayəsi, hər biri bir könül sədasıdır.
İndi isə biz taleyini sözlə yazan, qəlbinin ağrılarını misraya çevirən bu xanımı tanımağa dəvət olunuruq.
Kimdir bu xanım?
Özünüzü bizə necə tanıdardınız, Təranə xanım?
-Çox maraqlı sualdır. Çox zaman Təranə Arif qızı belə özünü tanıya bilmir. Yəni illər keçdikcə, yaşa dolduqca, həyatda təcrübələr qazandıqca insan özünü tanımağa başlayır. Mən Babək rayonun Cəhri kəndində ziyalı, müəllim ailəsində dünyaya göz açmışam. Altı uşaqlı evin kiçik qızı idim. Uşaq yaşlarımdan zəhmətkeş olmuşam. Mən hər zaman gördüyüm işin qiymətləndirilməsini sevmişəm. Buna görə hansı iş olur-olsun onu layiqli yerinə yetirmişəm.
Orta təhsil illərindən şeirlər yazmağa başladım. Üçüncü sinifdən yazdığım şeirlərimi ilk atama oxuyardım. Atam həmişə məndə özümə inam hissi yaradıb. Sən yaxşı yazacaqsan deyib. Orta məktəbi bitirdikdən sonra Bakı şəhərində Əhməd Cavad adına Mədəni Maarif Texnikomuna daxil oldum. İki illik təhsilimi qırmızı diplomla başa vurdum. İlk işim Kitabxana sistemində başlayıb. 1993-ildən Babək rayon Mərkəzi Kitabxana Sistemində işləmişəm. On iki il Rayon Uşaq Kitabxanasının müdiri olmuşam. 23 illik kitabxanaçılıq fəaliyyətimdə deyərdim ki sevdiyim kitabların mütailəsi ilə məşğul olaraq həm də uşaqlar arasında geniş təbliğ etmişəm. 2013-cü ildə Naxçıvan Radiosuna işlə bağlı müraciət etdim. Qəbul oldum və 13 ildir ki, bu doğma məkanda fəaliyyət göstərirəm. Radioda “Sözün düzü”, “Ədəbiyyat saatı”, “Bulaq başı”, “Vətən əmanəti” və s.kimi proqramların müəllifi və aparıcısıyam.
Yaradıcılığımdan söhbət açsam, uşaqlıqdan şeirlər qələmə alsam da, heç zaman kitablar nəş etdirmək fikrində olmayıb. 2010-cu ildə Naxçıvan Yazıçılar Birliyinə məni dəvət etdilər. Mütəmadi poeziya günlərində şeirlərimizi gedib oxuyardıq. Sonra “Şərq qapısı” və “Şərqin səhəri” qəzetlərində yazılarım dərc olunmağa başladı. İlk olaraq “Mən şair olsaydım” kitabım nəşr olundu. Kitabda məktəb və tələbəlik illərində qələmə aldığım şeirlər toplanıb. Ancaq bu kitab məni yazmağa daha da həvəsləndirdi. Altı ay müddətində qələmə aldığım şeirləri 2011-ci ildə ikinci, “Nə qədər ki, insan var” kitabı ilə oxuculara çatdırdım. Radioda işləməyə başladıqdan sonra yaradıcılığımın böyük qismini işimə adadım. Bu da bir müddət məni qələmdən uzaqlaşdırdı. 2019-cu ildən mən yenidən qələmi itildib, bayatılar qələmə almağa başladım. Bu bayatıların 200-ü cinas bayatılar idi. Sarı Aşıqdan qalan ənənəni mən davam etdirdim. Mərhum ziyalımız, professor Hüseyn Həşimli mənə bildirdi ki, siz cinas bayatılarınızı yığıb nəşr etdirin. Bu bayatıları qələmə alan çox az şair var. Mən onun sözü ilə “Sözün bayatı rəngi” adı ilə 300 bayatıdan ibarət kitab nəşr etdirdim.
Əzizim gizlə dərdi,
Dərd dərdi gizlədərdi,
Öz gülünü ürəkdə
Qoru sən, gizlə, dər, di!
2020-ci ildən müxtəlif janrlarda yazılar, eyni zamanda şeirlər yazmağa başladım. “İçimdəki səs” kitabımda müxtəlif mövzularda şeirlərimi topladım. Nəşrə verəcəkdim ki, 27 sentyabrda 44 günlük Vətən müharibəsi başladı. Buna görə nəşri dayandırıb, bütün düşüncə və fikrimi müharibəyə həsr etdim. Hər hadisəni izlədim. Aldığım xəbərlər, qələbə qazanılması, Vətən uğrunda şəhid olan igid oğullarımız həmin an yaşadığımız qürur, sevinc, eyni zamanda təəssüf hisslərini birlikdə yaşayaraq ilk müharibəyə həsr etdiyim “Qarabağda 44 gün” kitabım ərsəyə gəldi. 44 səhifə, 44 şeirlə və son “Ata vəsiyyəti, Oğul sözü” şeiri 44 sətir olan kitab ölkə miqyasında Vətən müharibəsinə həsr olunmuş ilk kitab oldu. Çünki 2021- ci ilin yanvar ayının əvvəli artıq kitab hazır idi.
Sən güclü dövlətimin Qalib Sərkərdəsisən!
İnandırdın özünə bu dünyanı, bizi SƏN!
2021-ci il yanvar ayının əvvəlində hər iki kitab- “İçimdəki səs”, və “Qarabağda 44 gün” nəşr edildi. İkinci kitabımı Bakı şəhərində Yazıçılar Birliyinə və kitab evlərinə təqdim etdim. Uşaqlara hədiyyə olunmağını xahiş etdim. Naxçıvanda bir çox təşkilatlara, orta təhsil müəssisələrinə payladım.
Onu da bildirim ki, mən Bakı şəhərinə hər gedişim ataların dili ilə desək, həm ziyarət, həm də ticarət olurdu. Səmərəli vaxtımda ziyalılarımızdan, yazarlardan müsahibə alıb, qayıdanda verlişlər hazırlayırdım. Yazıçılar Birliyində Elçin Hüseynbəyli, Elxan Zal və Firuz Mustafadan müsahibə aldıqdan sonra, Elçin müəllimə “İçimdəki səs” kitabımı hədiyyə edərək, bildirdim ki, siz məni jurnalist kimi tanıdınız, amma mənim qələmimdə var. Yazıçılar Birliyindən çıxıb yeraltı keçidlə sahilə gəlib gəzirdim ki, mənə Elçin müəllimdən zəng gəldi. Bildirdi ki, şeirlərinizi oxuduq, hər üçümüz səsləndirdik. Naxçıvan torpağının belə bir şairi ilə tanış olmaq, bizim üçün də çox xoş oldu. Yazıçılar birliyinə üzvü olub-olmadığımı soruşdu. Olmadığımı cavablandırdım, bildirdi ki, Naxçıvana qayıdan kimi, sənədlərinizi hazırlayıb göndərin, biz sizi Yazıçılar Birliyinə üzv daxil edək. Beləcə 2022-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv oldum. O görüşdən aldığım təəssürat gələcəkdə “Şair kimi jurnalist” adlı mətndə öz əksini tapacaqdı.
Radioda işimlə bərabər yaradıcılığımı da davam etdirərək şeir və hekayələr yazırdım. Yazılarım ölkə mətbuatında mütəmadi qəzet və saytlarda dərc olunurdu. Sonra mənim “Qələbəyə tələsən şəhid” kitabım nəşr olundu. Bu kitab demək olar ki təsadüfən qarşıma çıxan şəhid və övladının qoşa şəklinin təsiri ilə yazdığım məqalə əsasında yarandı. Şəmkirli şəhidimiz Habil Əbdürrəhimlinin həyatından bəhs edir.
Həyatımda, istərsə yaradıcılığımda, istərsə də iş fəaliyyətimdə ilklərdən biri də 2023- cü ildə Heyran xanım adına “Zərif Qadınlar Ədəbi Məclisi”ni yaratmağım oldu. Bu birliyi yaratmaqda məqsədim üzdə görünməyən yaradıcı qadınlarımızı tanıtmaq və yaradıcılıqlarını işqlandırmaq idi. Ümuiyyətlə, ədəbi mühitin formalaşmasına öz töhfəmizi vermək idi. Bildirim ki, hazırda əlliyə yaxın üzvümüz var. Və üç il ərzində 12 qadın yazarımızın kitabı işıq üzü görüb. 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının 100 illiyi ərəfəsində ölkəmizdə yeganə olan qadın yazarlarının antologiyasını nəşr etdirdik. “Yüz ilimin sədası” adı altında nəşr olunan antologiyada 36 nəfər şair və yazıçının şeir və məqalələrini oxuculara təqdim etdik. Və bu kitab Naxçıvan Televiziyasında keçirilən müsabiqədə II yerə layiq görüldü.
Yüz ildi dalğalanır muxtariyyət sədası,
Tarixə möhür vurub üçrəngli al bayrağım!
Naxçıvan bu torpağın yenilməyən zəkası,
Yaşa Nuhun diyarı, yaşa azad torpağım!
Həmin il “Payızın zəfər rəngi” adlı kitabımda işıq üzü gördü. Adından göründüyü kimi kitab vətənpərvərlik ruhunda yazılmış, şəhid və qazilərimizin qəhrəmanlıq dastanı orada öz əksini tapıb.
2025-ci ildə nəşr olunan “Keçidlər” kitabım mənim ilk nəsr və publisist yazılarımdan ibarət idi. İllərlə qələmə aldığım mətnlərimin bir toplusu, bir növ yaradıcılıq hesabatım oldu. Kitabın təqdimatı həm Bakıda Yazıçılar Birliyində, həm də Naxçıvanda keçirildi. Kitaba ön söz yazan Filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid qeyd edib ki, Təranə Arifqızının yaradıcılığı keçidlərdən ibarətdir: “Həm janrdan-janra, həm də əsərlərin içərisində hadisədən-hadisəyə”.
Keçən il həmçinin, “Dünya boyda ölümsüzlük” kitabım da nəşr edildi. Bu kitab qəhrəman şəhidimiz baş leytenant Raqib Hüseynovun şərəfli ömür yoluna həsr olunub.
2025-ci ilin sonu mənim üçün çox sevindirici oldu. Yaradıcılığım və iş fəaliyyətim dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, “Azərbaycan Milli mətbuatın 150 illiyi (1875-2025) yubiley medalı”na layiq görüldüm. Bu məni yazıb-yaratmağa və iş fəaliyyətimə daha məsuliyyətlə yanaşmağıma həvəs yaratdı. Yazıçılıq və jurnalıstlik fəaliyyətimə verilən bu yüksək dəyərə görə, əməyi olan hər kəsə minnətdaram.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru
