Müqəddəs kitabımız olan Qurani Kərimin “Bəqərə” surəsinin 154-cü ayəsində deyilir: “Allah yolunda öldürülənlərə-şəhid olanlara-ölü deməyin. Əksinə, onlar Allah dərgahında diridirlər, lakin siz bunu dərk etmirsiniz”.
Bu ifadə şəhidliyin necə müqəddəs bir məqam olduğunu bir daha göstərir. Elə ona görə də, hələ qədim zamandan, dövlətçiliyimiz yeni formalaşandan, insanlar Vətən adlanan məhvumu dərk edəndən onun uğrunda döyüşməyi və ölməyi həmişə ən yüksək amal kimi öz həyat prinsiplərinə çeviriblər. Bundan sonra isə bir ifadə yarandı, “Torpaq uğrunda ölən varsa, Vətəndir”. Bu gün təəssüf ki, erməni kimi məkrli bir düşmənlə qonşuluq etmək bizim taleyimizə yazılandan sonra torpaqlarımızda tez-tez şəhid qanı axır. Amma bu qan nə qədər üzücü, insanı yandıran bir itkinin rəmzi olsa da, torpağın mayası, qayəsinin min illərdir ki, məhz bu şəhid qanlarından yoğrulduğunu yaxşı bilirik.
2016-cı il, 2-3 Aprel
Biz onda tələbəlik illərinin son kursunda idik. Cəbhədən gələn xəbərlər, Azərbaycan ordusunun düşməni susdurmağı, müharibə alovlarının güclənməsi hər kəs kimi biz tələbələri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin önünə gətirmişdi ki, könüllü olaraq döyüşlərə yollanaq. Amma ordan verilən bir cavab var idi: “Cəbhədə güclü Azərbaycan ordusu savaşır. Siz dərslərinizlə məşğul olun”. Təbii ki, verilən cavab da düz idi. Axı bizdən öndə güclü Azərbaycan ordusu var. Amma etdiklərimiz və edilənlər əslində bütöv bir xalqın birləşməsi və döyüş ruhu demək idi. Aprel döyüşlərində ordumuz düşmənə layiqli cavabını verdi. Beynəlxalq hərbi ekspertlər də təsdiqlədi ki, düşmən xeyli sayda itki verdi və qorxuya düşərək geri çəkildi. Aprel döyüşlərində ordumuz, işğal altında olan Lələtəpəyə, Talış kəndinin yüksəkliyinə, Cocuq Mərcanlıya bayrağımızı dikdi. (Cocuqmərcanlı abadlaşdı və müasirləşdi) Cəmi iki il sonra düşmənə daha bir zərbə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən vuruldu. Günnüt kəndi və ətrafda olan 11 min hektar ərazi ordumuzun nəzarətinə keçdi. 2016-cı il aprelin ilk günlərində baş tutan döyüşlərdə Silahlı Qüvvələrimizin onlarla igid əsgəri torpaq uğrunda şəhid oldu. (Düşmən tərəfdə bu rəqəm 300-ə yaxın idi)
Bu xəbərə bir tərəfdən nə qədər üzüldüksə, digər tərəfdən bu qəhrəmanlıq bizə qürur verdi. Çünki düşmən yaxşı bilir ki, işğal etmək istədiyi torpağın uğrunda canını qurban verərək onu müdafiə etməyə layiq övladları var Azərbaycanın. Aprel döyüşlərində Naxçıvan torpağı da Qabil Orucəliyev və Rasim Məmmədov kimi oğulları şəhid verdi.
Anadan igid doğulan Vətən övladları
Döyüş bölgəsi... Bu iki kəlmə özündə müharibə alovunu, od saçan mərmilərin nişangah olduğu yerləri ehtiva edir. İnsana şəhid qanı ilə suvarılan bu torpağa tuşlanan hər bir mərminin bir ürəkdən keçəcəyini, bir nəfəsi susduracağını xatırladır. Rasim Məmmədov və Qabil Orucəliyev də bunları yaxşı bilirdi. Amma içlərində olan Vətən eşqi onları döyüş bölgəsinə gətirmişdi.
Rasim Məmmədov 1977-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olub. Rasimin atası Əbdül kişi Qarabağ müharibəsi iştirakçısı olduğundan Rasim elə uşaqlığından bu yolu seçir. O da atası kimi vətənə xidmət etməyi, döyüşçü olmağı arzulayır. Bu arzu onu 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər məktəbinə gətirir. 2000-ci ildə həmin məktəbi tank qoşunları komandiri ixtisası üzrə bitirir. Və beləcə Rasimin döyüş yolu öz istəyi ilə ön xətdən başlayır. Müxtəlif hərbi hissələrdə xidmət edərək mayor rütbəsinəcən yüksəlir. 2016-ci il aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində döyüş tapşırığını yerinə yetirərkən şəhid olur. Ölümündən sonra mayor Rasim Məmmədov Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Qüsursuz xidmətə” görə medalı ilə təltif olunur.
Qabil Orucəliyev isə 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. Uşaqlıq illərindən atasını itirən, bir çox çətinliklərlə üzləşən Qabilin də arzusu hərbçi olmaq idi. Özü də bu arzusuna israrla çatmaq istəyirdi. O, 2006-ci ildə arzusunun ilk pilləsinə çatır, Heydər Əliyev adına Hərbi Liseyə daxil olur. Buranı bitirdikdən sonra Ali Hərbi Məktəbə yollanır. Burada hərbinin sirlərinə dərindən bələd olduqdan sonra, leytenant hərbi rütbəsi ilə döyüş bölgələrində xidmətə başlayır. Vətəni bütün varlığı ilə sevən gənc zabit düşmənlə üz-üzə, xidməti şəraiti çətin bir yerdə yoldaşları ilə birgə düşmən həmlələrini dəf edir. Növbəti təxribata əl atan düşmənin bu dəfəki məqsədi daha məkrli idi. Qabilin döyüş yoldaşlarından biri o günləri belə xatırlayır:
“...Artıq aprelin 1-i idi. Düşmən bizim postlara təxribat xarakterli hücumlar etmək istəyirdi. Ayın 1-dən 2-nə keçən gecə düşmən qəfil hücuma keçdi. Bizə onları susdurmaq əmri verilmişdi. Biz düşməni əks həmlə ilə geri oturtmalı idik. Çünki bu dəfə tam fərqli şərait yaranmışdı. Komandirlər hücum əmri verəndən sonra biz düşməni geri oturtduq, onlar xeyli sayda itki verdi. Amma həmin gecə biz də Qabili itirdik”.
Qabil də, Rasim də, Vətən yolunda canlarını qurban verən digər övladlar da Vətən naminə olan sınaqdan uğurla keçdilər. Hə zaman başlarından uca tutduqları, daima zirvələrdə saxladıqları Azərbaycan bayrağına bükülüb, əbədiyyətə yollandılar. Onların nəşi Naxçıvana gətirilən zaman yaşanan çoşqu, uşaqdan-böyüyə hər kəsin “Vətən sağ olsun!” şüarı onlara məhəbbətin təzahürü idi.
Bu gün Qabilin, Rasimin timsalında şəhidlərimizin ruhu şaddır. Ona görə yox ki, Vətən onları unutmur. Heç unutmaz da. Bu gün onların özlərindən sonra qoyduqları-ailələri dövlətimiz tərəfindən xüsusi qayğı ilə əhatələnib. Naxçıvan şəhidləri Qabil Orucəliyev və Rasim Məmmədovun ailəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən evlə təmin olunub. Bu il Ölkə prezidentinin müvafiq sərəncamı ilə onlara ödənilən müavinətin məbləği artırılıb. Onların bütün zəruri sosial problemləri həll olunub.
Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur
Torpaqlarımızın qorunması yolunda canlarından keçən şəhidlərimizin hünəri gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şey öyrənməlidirlər. Hər birimiz Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə-Şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!!
Mətin Abbaslı
Naxçıvan Televiziyasının əməkdaşı