Naxçıvanda ötən il 10 uşaq əməyinin qarşısı alınıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ötən il 10 uşaq əməyinin qarşısı alınıb, 33 uşağın təhsilə cəlbi təmin edilib, xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram tədbirlərində 293 hədiyyə verilib, həmçinin istedadları ilə fərqlənən 161 uşağa diplom və hədiyyə təqdim olunub. Ümumilikdə uşaq məsələləri ilə bağlı aparılan bu işlər, uşaqların rifahını artırmaq, onların inkişafına dəstək olmaq və cəmiyyətdə uşaqların hüquqlarının önəmini vurğulamaq məqsədi daşıyır.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasında çıxışı zamanı komitə sədri Ramilə Seyidova deyib.
O bildirib ki, hesabat dövründə uşaq məsələləri ilə bağlı 66 tədbir, 9 seminar, 28 təlim, 2 ustad dərsi, 1 yay düşərgəsi, 2 festival, 84 monitorinq, 3 ekskursiya, 1 film nümayişi, 16 görüş üzrə 6371 nəfər iştirakçı yararlanıb, 2468 ədəd təbliğat materialı paylanılıb, o cümlədən 58 poster elan lövhələrinə vurulub. Həmçinin qadınların özünüməşğulluğunun təmin edilməsi məqsədilə komitə tərəfindən 6 dəfə sərgi-satış təşkil olunub, 244 istedadlı şəxsin 4129 əl işi 28 min 304 manat məbləğində satılıb. Sərmayə kapitalı alan 15 qadının yaşadığı ünvanda monitorinq keçirilib, komitədə məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu yaradılıb.
Ramilə Seyidova vurğulayıb ki, ümumilikdə qadın məsələləri ilə bağlı ötən il 1 konfrans, 31 tədbir, 15 monitorinq, 6 görüş, 4 təlim, 1 müsabiqə, sərgi-satış və 1 ustad dərsi keçirilib. Həmçinin gender məsələləri ilə bağlı 6 tədbir, 12 təlim keçirilib, bundan 805 nəfər iştirakçı yararlanıb, 74 nəfər arasında sorğu təşkil edilib, 810 ədəd broşür paylanılıb və 12 poster elan lövhəsinə vurulub.