Bakıda Avropa Liqasının finalı və Avro-2020 zamanı futbol klubları və oyunçuları vergidən azad ediləcək
Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) 2019-cu il Avropa Liqasının final oyununun və 2020-ci il futbol üzrə Avropa çempionatının oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar UEFA-nın, onun yaratdığı qeyri-rezident futbol klublarının həmin oyunla bağlı əldə etdiyi gəlirlər vergidən azad olunacaq.
NUHÇIXAN-ın məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.
Bu dəyişikliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Bakıda keçiriləcək Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA-nın, onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin, qeyri-rezident futbol klublarının (assosiasiyalarının) həmin oyunla bağlı əldə etdiyi gəlirlər vergidən azad olunan gəlirlərin siyahısına daxil edilib.
Bundan başqa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycanda keçiriləcək 2020-ci il Avropa çempionatının oyunları ilə əlaqədar UEFA, onu təmsil edən və onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin, qeyri-rezident futbol klublarının (assosiasiyalarının) çempionatla bağlı əldə etdiyi gəlirlər də vergidən azad ediləcək.
Məcəlləyə təklif edilən dəyişikiklə Avropa Liqasının final oyunu və Avro-2020-nin oyunları ilə əlaqədar malların təqdim edilməsi, işlərin görülməsi, qeyri-rezident futbol klublarının oyunçularının və işçilərinin həmin oyunlarla bağlı əldə etdiyi gəlirlər gəlir vergisindən azad ediləcəklər.
Qanun oyunların keçirildiyi müddətdə - 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədə olacaq.