Naxçıvanda rabitə və poçt xidmətləri vahid idarəetmə altında birləşdirilir

A- A A+

Naxçıvan Muxtar Respublikasında poçt və telekommunikasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi, infrastrukturun modernləşdirilməsi və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni hüquqi və institusional model formalaşdırılıb. Bu məqsədlə müvafiq qərara əsasən, “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Bu barədə NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Cəmiyyətin Nizamnaməsi təsdiq edilib, qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınıb və hüquqi şəxs kimi fəaliyyətə başlaması üçün zəruri prosedurlar tamamlanıb. Hazırda MMC-nin təşkilati strukturunun formalaşdırılması, ştat cədvəlinin təsdiqi, kadrların komplektləşdirilməsi, funksional bölmələrin yaradılması və idarəetmə mexanizmlərinin qurulması istiqamətində ardıcıl işlər həyata keçirilir.

Yeni yaradılmış Mərkəzin əsas məqsədi poçt və telekommunikasiya sahəsində mövcud resursların vahid idarəetmə altında birləşdirilməsi, idarəetmədə çevikliyin artırılması, xərclərin optimallaşdırılması, texniki və insan resurslarından səmərəli istifadə olunması, həmçinin müasir xidmət modellərinin tətbiqidir. Bu struktur vasitəsilə həm poçt rabitəsi, həm də internet və digər rəqəmsal xidmətlər üzrə planlaşdırma, istismar, inkişaf və nəzarət funksiyalarının koordinasiyalı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

“Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin fəaliyyəti çərçivəsində poçt və telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, fiber-optik və rəqəmsal şəbəkələrin genişləndirilməsi, xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, elektron xidmətlərin və rəqəmsal platformaların tətbiqi, region üzrə vahid texniki standartların formalaşdırılması, kadr potensialının gücləndirilməsi və peşəkar idarəetmə modelinin qurulması əsas prioritet istiqamətlər kimi müəyyən edilib.

Eyni zamanda, Mərkəz “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş rəqəmsal infrastrukturun genişləndirilməsi, yüksək sürətli internetə çıxışın təmin edilməsi və əhalinin rabitə xidmətlərinə əlçatanlığının artırılması üzrə tədbirlərin icrasında aparıcı institusional platforma rolunu oynayacaq.

Nazirlikdən bildirilib ki, hazırda təşkilati quruculuq mərhələsi davam edir. Yaxın dövrdə struktur bölmələrinin tam formalaşdırılması, fəaliyyət planlarının təsdiqi, investisiya və texniki inkişaf proqramlarının hazırlanması, habelə poçt və telekommunikasiya xidmətlərinin vahid konsepsiya əsasında yenidən təşkili nəzərdə tutulur.

Beləliklə, “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin yaradılması muxtar respublikada rabitə və poçt sektorunun institusional baxımdan yeni mərhələyə keçidini, xidmətlərin keyfiyyətcə yüksəlməsini, rəqəmsal transformasiyanın sürətlənməsini və uzunmüddətli dayanıqlı inkişafın təmin edilməsini hədəfləyən strateji addım kimi qiymətləndirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: