Muxtar respublikada turizmin inkişafı diqqətdə saxlanılır

A- A A+

Turizm inkişaf etmiş ölkələrdə iqtisadiyyatın mühüm sahələrindən biri olub əhali məşğulluğunun təmin edilməsində əsas rol oynayır. Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafı diqqətdə saxlanılır, yeni xidmət sahələri yaradılır, infrastruktur yenilənir.

Naxçıvan Muxtar Respublikası  Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikanın əlverişli coğrafi mövqeyi, flora və faunasının müxtəlifliyi, mədəni-tarixi irsi, zəngin milli mətbəxi, qonaqpərvərlik ənənələri turizmin inkişafı üçün böyük perspektivlər açır. Qədim dövrlərin yadigarı olan tarixi abidələr – Möminə xatın, Qarabağlar, Gülüstan türbələri, insanların ilk məskunlaşdığı yaşayış yeri Gəmiqaya, xalqımızın məğlubedilməzliyinin simvolu olan Əlincəqala, misilsiz təbiət ­abidələrindən Göygöl, Batabat, ­“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və yüzlərlə digər sənət əsərləri Naxçıvan diyarının əsas turizm ehtiyatıdır.

Son dövrlər muxtar respublikada geniş vüsət almış tikinti-quruculuq işləri, müasir avtomobil yollarının salınması, beynəlxalq standartlara cavab verən mehmanxanalar, müasir əyləncə və iaşə obyektləri, tənəffüs yolları xəstəlikləri və dəri xəstəlikləri üçün nadir müalicəvi əhəmiyyəti olan Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası turizmin inkişafını sürətləndirib.

Naxçıvan Turizm İnformasiya Mərkəzinin yaradılması, Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində Turizm və otel­çilik ixtisaslarının açılması, İran İslam Respublikası və Türkiyə Respublikası ilə sərhəd-keçid rejiminin sadələşdirilməsi, yeni beynəlxalq marşrutların təşkili turizmin inkişafına əlverişli şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Pro­qramı”nın, “Ağbulaq Kənd Turizm İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamının icrası və bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi görülən işlərin davamlı­lığını təmin edib.

Muxtar respublikanın təhlükəsiz region kimi tanınması, keçirilən beynəlxalq və yerli əhəmiyyətli tədbirlər, təşkil edilmiş info-turlar, aparılan təbliğat işləri də turistlərin sayının artmasına müsbət təsir göstərib. 
Həyata keçirilmiş kompleks tədbirlərin nəticəsi olaraq muxtar respublikaya 2008-ci ildə 219,1 min nəfər, 2010-cu ildə 287,6 min nəfər, 2018-ci ildə isə 414,7 min nəfər turist gəlmişdir. 2018-ci ildə muxtar respublikaya gələn turistlərin sayı 2008-ci illə müqayisədə 1,9 dəfə artmışdır. 

Bu sahədə görülən işlərin effektivliyi cari ilin ilk rübündə də qorunub saxlanılmış, muxtar respublikaya gələn turistlərin sayı son beş ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artmışdır. Şahbuz rayonunun Ağbulaq kəndində dağ-xizək turizminin inkişafı məqsədilə yeni turizm obyektinin tikintisi və kənd turizminin inkişafı, Culfa rayonunda Darıdağ Arsenli Su Müalicəxanasında yeni müalicə və istirahət kompleksinin yaradılması və həyata keçirilən digər tədbirlər muxtar respublikaya turist axınını daha da ­sürətləndirəcəkdir.

Muxtar respublikada turizmin əhəmiyyətini və bu sahədə görülən işləri yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Sabitlik, iqtisadi inkişaf, zəngin tarixi-­mədəni irs, ekoloji cəhətdən təmiz qida məhsulları və yaradılan şərait Naxçıvanda turizmin inkişafını şərtləndirən əsas amillərdir. Muxtar respublikanın turizm potensialı bura səfər edən xarici ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir...”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: