Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar tədbir keçirilib - FOTOLAR
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə aprelin 2-də Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində autizm sindromlu uşaqların valideynləri ilə növbəti görüş keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd valideynlərə bu kateqoriyadan olan uşaqlarla evdə davranış, onların təlim-tərbiyəsinin təşkilinə və ünsiyyət qurma bacarıqlarının inkişaf etdirilməsinə dair məsləhət və tövsiyyələr verilməsindən ibarətdir.
Tədbirdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin direktoru Ramin Səfərov, Naxçıvan Əlillərin Bərpa Mərkəzinin həkim-nevropotoloqu Rəfail Orucov, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müəllim-psixoloqu Minurə Əliyeva və Mərkəzin defektoloji bölməsinin Şərur rayon filialının müəllim-defektoloqu Vəli Axundlu autizm sindromlu uşaqların ailə üzvləri ilə maarifləndirici söhbətlər aparıb.
Vurğulanıb ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yaradılan Defektoloji bölmənin təlim otağı, əmək terapiyası otağı, Naxçıvan Uşaq Bərpa mərkəzində isə multusensorlu terapiya otağı müxtəlif psixo-nevroloji problemləri olan, o cümlədən autizm sindromlu uşaqların reabilitasiyası üçün nəzərdə tutulub və burada yaradılan şəraitdən istifadə etməklə müvafiq kateqoriyadan olan uşaqların məktəbdə təhsil almasına, onlara xas olan bacarıqlarının aşkara çıxarılmasına və cəmiyyətə inteqrasiyasına nail olmaq mümkündür.
Tədbirin sonunda valideynləri maraqlandıran suallar cavablandırılıb.