Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqə yekunlaşıb. Bu müsabiqədə uğur qazanan namizədlər dövlət orqanlarında vəzifələrə təyin olunublar.
Qeyd edək ki, 5 noyabr 2018-ci ildə elan edilən müsabiqəyə 40 dövlət orqanından 305 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 583 nəfər sənəd təqdim edib.
Müsabiqənin 7-21 yanvar tarixlərdə keçirilən test imtahanları mərhələsində 570 namizəd iştirak edib və onlardan 257-si uğur qazanıb. Müsabiqənin 1-18 mart 2019-cu il tarixlərdə keçirilən müsahibə mərhələsində isə 210 namizəd iştirak edib, 106 nəfər müvəffəqiyyət qazanıb.
Onlardan 100-nün sənədləri təyin olunmaq üçün dövlət orqanlarına göndərilib və 99-u iddia etdikləri vəzifələrə təyin olunub, 1 namizəd təklif olunan vəzifədən imtina edib.
Müsabiqənin müsahibə mərhələsində müvafiq keçid balını toplayan 6 namizəd ehtiyat kadr siyahısına salınıb ki, gələcəkdə həmin şəxslərin müvafiq işlə təmin olunması diqqət mərkəzində saxlanılacaqdır.