Fevralın 2-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 155, o cümlədən borclu şəxs qismində axtarışda olan 106, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 və dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqədar 16 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11,4 kiloqrama yaxın artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 pulemyot, 2 tapança, 8 qumbara, 2 alışdırıcı, 16 tüfəng, 6 patron darağı, 1337 ədəd müxtəlif çaplı patron, 7 mərmi və 2 süngü-bıçaq aşkar edərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər də saxlanılıb.
