Ordubad rayonunun kəndlərində ekoloji monitorinq aparılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Ordubad şəhəri, Kələntər, Baş Dizə, Biləv və Behrud kəndləri ərazisində ekoloji monitorinq aparıblar.
Əvvəlcə Düylün yolu kənarında 3 hektar sahədə yaradılan badam və Əylis düzü adlanan ərazidə bərpa edilən badam və ərikdən ibarət salınan bağlara baxış keçirilib. Baxış zamanı tinglərdə otarılmaya və quruma hallarına rast gəlinməyib. Qeyd edək ki, hər iki bağda 2000-ə yaxın badam və ərik tingi əkilib.
Sonra Kələntər, Baş Dizə, Biləv və Behrud kəndlərində monitorinqlər davam etdirilib. Həmin kəndlərdə yoxlamalar zamanı məlum olub ki, tullantı qutuları vaxtlı-vaxtında boşaldılır, yaşıllıqlara vaxtında qulluq göstərilir və həmin kəndlərdəki küçələr təmiz saxlanılır.
Sabirkənd ərazisində yerləşən məişət tullantıları poliqonunda aparılan yoxlamalar zamanı məlum olub ki, tullantıların əraziyə dağılması hallarının qarşısı alınaraq basdırılır və dezinfeksiya tədbirləri vaxtında aparılır.
Monitorinqlər Gilançaydan analizlər götürülməsi ilə davam edib. Yoxlamalar zamanı suyun tərkibindəki hidrogenin və həll olunmuş oksigenin miqdarı, elektrik keçiriciliyi, digər parametrlər nəzərdən keçirilib.
Qeyd edək ki, bundan əvvəl Culfa rayonunda monitorinq aparılıb.
Ərhan Novruzov