Mətbuat xidmətlərinin təmsilçiləri kimdir və işlərini necə qurmalıdırlar?

A- A A+

Son vaxtlar Naxçıvan Muxtar Respublikasında Kütləvi İnformasiya Vasitələrinə artan tələbat bu sahəni təmsil edənlərdən peşəkar fəaliyyət tələb edir. Artıq muxtar respublikada fəaliyyət göstərən qəzetlər, televiziyalar, “Nuhçıxan” İnformasiya Agentliyi və internet portalları məlumatları ilk mənbədən əldə etməyə çalışırlar. Bu isə mərkəzi icra hakimiyyətlərində və özəl qurumlarda fəaliyyət göstərən mətbuat xidmətlərinin işlərinin bir qədər də canlanmasına təkan verir. Amma muxtar respublikanın “mətbuat xidməti məktəbi ənənəsi” yeni yaradıldığı üçün hələ ki, bu sahədə təcrübəsizlik bir qədər diqqəti çəkir. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü ilə mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilərin vəzifələrini özündə əks etdirən məlumat kitabçası hazırlanıb. Bu işdə həmkarlarımıza-mətbuat xidmətlərinin gənc əməkdaşlarına yardımçı olmaq üçün onların fəaliyyət istiqaməti ilə bağlı bəzi məqamları diqqətə çatdırmaq istədik.

Sözsüz ki, hər birimiz televiziya ekranlarında, radioda, qəzet və jurnalların səhifələrindəki xəbərlərdə məlumatların mətbuat xidmətlərinə istinadən verildiyi ilə tez-tez rastlaşırıq. Oxuduğumuz xəbərlərin və ya məlumatların çəkisinə uyğun olaraq həmin anda bizim təsəvvürümüzdə istər-istəməz savadlı, işgüzar və vacib olan bir insanın-mətbuatla işləyən mütəxəssisin obrazı yaranır. Düşünürük ki, bu insan o qədər təcrübəli və savadlıdır ki, böyük bir şirkətin direktoru və hətta rəsmi qurumların rəhbərləri belə ona etibar edir və özünün səlahiyyətli nümayəndəsi seçməklə mətbuat xidmətlərinin rəhbərlərinə hadisələri qiymətləndirmə imkanı verirlər.

Peşənin adından da görünür ki, mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilərin fəaliyyəti birbaşa bu sahə ilə əlaqəlidir. Yəni onun əsas vəzifəsi jurnalistlərlə işləməkdir. Mətbuat xidmətinin təmsilçisi üçün bütün məlumatları düzgün, dəqiq və müəyyən müddət ərzində təqdim edə bilməsi çox vacib amildir. Eyni zamanda, mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilər təmsil etdiyi təşkilatın müsbət imicinin yaradılmasına diqqət yetirməlidir.

Müasir mediada bu vəzifə  mətbuat katibi də adlanır. Onun peşəsi günümüzdə ən aktual peşə sayıla bilər. Çünki bütün idarə və təşkilatlarda bu vəzifəyə indi daha çox ehtiyac var.

Təşkilat daxilində baş verən bütün əhəmiyyətli hadisələri məhz mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilər xəbər portalları, e-poçt, telefon və faks vasitəsi ilə jurnalist ictimaiyyətinə çatdırır. Mətbuata açıqlanması lazım olan xəbərlər, nəzərdə tutulan mətbuat konfransı və brifinqlər barədə mediaya da məhz onlar məlumat verirlər. Həmçinin keçirilən hər bir tədbirdən qabaq onunla bağlı mətbuat üçün pres-relizləri yazmaq da bu adamların üzərinə düşür.

Bu gün texnologiyanın inkişaf etdiyi bir vaxtda internet istifadəçilərinin dairəsi daha da artır. Buna görə də, bir çox təşkilatlar və ya şirkətlər öz veb-internet saytlarını yaradırlar. Mətbuat xidmətlərinin təmsilçiləri də ilk növbədə bu işin və həmin saytı mütəmadi məlumatlarla təmin edilməsinin məsuliyyətini daşıyırlar.

 O da faktdır ki, mətbuat xidmətinin rəhbəri vəzifəsində işləmək üçün müvafiq ixtisasda uyğun olan ali təhsil diplomu mütləq olmalıdır. Orta peşə təhsili mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi olmaq üçün kifayət deyil.

Mətbuat katibi çalışdığı qurumun fəaliyyətini əhatə edən və baş verən hər şeyin fərqində olmalıdır. O, jurnalistlərin suallarına əhatəli və dəqiq cavablar verməlidir. Bundan başqa, müəssisə ilə bağlı çəkiliş və ya müsahibəni təşkil etməklə yanaşı prosesin özündə də iştirak etməlidir.

Mətbuat xidmətləri eyni zamanda təşkilatın saytını mütəmadi xəbərlər, elanlar və maarifləndirici məlumatlarla davamlı şəkildə təmin etməlidir. Həm də bu yazı və məlumatlar rəsmi dildə deyil, anlaşılan tərzdə, hamının başa düşə biləcəyi sadə ifadələrlə hazırlanmalıdır. Bu isə mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilərdən Azərbaycan dilini gözəl və savadlı şəkildə bilmək tələb edir.

Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilər təşkilatın işi ilə bağlı davamlı olaraq göndərilən sorğular, verilən jurnalist suallarını cavablandırmaq kimi qarışıq işlərdən baş çıxarmalı, təmsil etdiyi qurumla bağlı nəşr edilən, efirə verilən materialları mütləq izləməlidirlər. Belə olan halda mətbuat xidməti ideal nəticələrə çata bilərlər.

Mətbuat katibi peşəsi zehni yaradıcılıq tələb edən, intellektual, yaradıcı fəaliyyət peşələrinə aid edilir. İş prosesində bütün bacarıq ortaya qoyulmalı, yaddaş, düşüncə, soyuqqanlılıq və digər sahələr ən yüksək şəkildə işə salınmalıdır. Ona görə də, mətbuat xidmətləri maraq dairəsi, analitik ağılla, düşüncə qabiliyyəti və emosionallıqla fərqlənməlidirlər.

O da var ki, yeni işə başlayanda mətbuat xidmətlərinin rəhbərləri adətən o qədər də populyar olmurlar. Lakin mətbuat katiblərinin peşəkar sahədə karyera qurma şansı digər əməkdaşlardan daha yüksəkdir. Ən fəal və qabiliyyətli olanlar geniş auditoriyanın diqqətini öz üzərlərinə çəkə bildiyi halda təşkilatdakı əsas fiqurlardan birinə çevrilə bilirlər.

Əslində mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilər praktik olaraq çalışdığı təşkilatın siması sayılır və hətta işini ustalıqla qurduqda cəmiyyətdə təşkilatın nüfuzunu yüksəldə bilirlər.

Mətbuat xidmətinin təmsilçisi özündə bir neçə peşənin bacarıqlarını birləşdirməlidir. Bir sözlə o, universal peşə sahibi olmalıdır. Eyni zamanda onda sosial münasibət qurma, ətrafda baş verənlərlə ciddi şəkildə maraqlanma, xəbərləri gündəmdə saxlama kimi keyfiyyətlərə ehtiyac var.

Mətbuat xidməti hər gün jurnalistlərin suallarına cavab verməsi, sayta informasiya materialları yazması üçün əsl söz ustası və bunun üçün o mütləq savadlı, natiq, intellektual səviyyədə inkişaf etmiş biri olmalıdır.

Beləliklə mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilər bütün bu sadaladıqlarımızı yaxşı bilməklə yanaşı onu təcrübədə də həyata keçirməyi bacarmalıdırlar. Əks halda heç bir uğurdan söhbət gedə bilməz.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: