Fevralın 7-də və 8-də ölkə ərazisində qeydə alınan 96, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 101, o cümlədən borclu şəxs qismində axtarışda olan 47, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 və dələduzluğa görə axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqədar 65 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 44,6 kiloqrama yaxın narkotik vasitə və 130 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 2 pulemyot, 1 qumbaraatan, 2 tapança, 8 qumbara, 23 tüfəng, 86 patron darağı, 5 partladıcı və 2491 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər də saxlanılıb.
