Evdə və ya ofisdə internetimizin sürəti niyə zəif olur?

A- A A+

Bəzən abunəçilər internetin zəif olması barədə bizə müraciətlər ünvanlayırlar. Apardığımız araşdırmalar nəticəsində həmin abunəçiyə çəkilən internet xəttində sürətin yüksək olması faktı təsdiqlənir, amma buna baxmayaraq abunəçi, necə deyərlər, bu imkandan istifadə edə bilmir. Bəs bunun səbəbləri nədir? 

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC)  muxtar respublika ərazisində əhaliyə təqdim olunan genişzolaqlı internet xidmətlərindən daha səmərəli və keyfiyyətli istifadəni təmin etmək məqsədilə bütün zəruri tədbirləri həyata keçirir. MMC abunəçilərinə göstərilən xidmətdən daha səmərəli faydalanmaları üçün aşağıdakı tövsiyələrə əməl etmələrini zəruri hesab edir:

İnternet sürəti istifadəçinin ehtiyaclarına uyğun seçilməlidir

10–20 Mbit/s – sosial şəbəkələr, elektron poçt və sadə veb-sayt istifadəsi üçün uyğundur;

30–50 Mbit/s – HD keyfiyyətdə video izləmə, onlayn dərslər və bir neçə cihazın eyni vaxtda istifadəsi üçün tövsiyə olunur;

100 Mbit/s və daha yüksək – 4K video, onlayn oyunlar, uzaqdan iş (VPN, bulud sistemləri) və çoxsaylı istifadəçilər üçün məqsədəuyğundur;

Ehtiyacdan artıq yüksək sürətin seçilməsi əlavə fayda vermədiyi kimi, aşağı sürətin seçilməsi də istifadə zamanı narazılıqlara səbəb ola bilər.

İstifadəçilər tərəfindən sürət zəifliyi kimi qiymətləndirilən hallar bir sıra texniki və istifadəçi amilləri ilə bağlı ola bilər

Eyni anda çoxsaylı cihazların internetə qoşulması;

Köhnə və ya texniki imkanları məhdud modem/router avadanlığı;

Wi-Fi siqnalının divar, beton maneələr və məsafə səbəbilə zəifləməsi;

Cihazlarda virus və ya arxa fonda yüksək trafik yaradan proqramların işləməsi;

Pik saatlarda (axşam vaxtları) şəbəkəyə artan ümumi yüklənmə;

Modem və routerlərin də düzgün seçilməsi zəruridir

İnternet xidmətinin keyfiyyəti birbaşa istifadə olunan avadanlıqdan asılıdır. 

Məsələn, Fiber-optik (GPON) xidmətlər üçün GPON ONT və ya GPON dəstəkləyən modemlərdən istifadə edilməlidir;

Router seçilərkən Wi-Fi 5 (802.11ac) və ya Wi-Fi 6 (802.11ax) standartlarını dəstəkləməsi tövsiyə olunur;

Böyük sahəli mənzillər və fərdi evlər üçün ikizolaqlı (2.4 GHz + 5 GHz) routerlər və ya mesh sistemlər daha effektiv nəticə verir;

Köhnə (10–100 Mbit portlu) routerlər yüksək sürətli tariflərin imkanlarından tam istifadə etməyə mane olur.

İstifadəçilər üçün tövsiyələr

İnternet sürətini yoxlayarkən modemə kabel vasitəsilə birbaşa qoşulma tövsiyə olunur;

Router evin mərkəzi hissəsində və açıq məkanda yerləşdirilməlidir;

Şübhəli proqram və əlavələr mütəmadi yoxlanılmalı və silinməlidir;

Texniki çətinliklər zamanı özbaşına müdaxilə əvəzinə rəsmi texniki dəstəyə müraciət edilməlidir.

Modemi yerləşdirmək olar:
•    Evin mərkəzi hissəsində
•    Yüksək və açıq məkanda (masa və ya rəf üzərində)
•    Ən çox istifadə olunan otaqlara yaxın
•    Açıq sahədə, ətrafı maneəsiz olduqda
Modemi yerləşdirmək olmaz:
•    Qalın divarların arxasında
•    Döşəmədə və ya künclərdə
•    Qapalı dolab, şkaf və metal səthlərdə
•    Televizor, mikrodalğalı soba kimi elektron cihazların yanında.

 

Abunəçilərə müasir, stabil və yüksək keyfiyyətli internet xidmətlərinin göstərilməsi “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət prioritetlərindəndir.  

İstifadəçilərin düzgün sürət seçimi və uyğun avadanlıqdan istifadəsi göstərilən xidmətlərin real imkanlarından tam yararlanmağa şərait yaradacaqdır.

Abunəçilər əlavə məlumat və texniki dəstək üçün “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin sosial şəbəkələrdəki rəsmi hesablarına müraciət edə bilərlər.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: