Bir xatirənin ünvanı - FOTOLAR

A- A A+

Magistral yolların kənarında qoyulmuş qırmızı güllər bəzən min sözün ifadə edə bilmədiyi mənanı çatdırır. Zaman keçdikcə onlar böyük bir xatirəyə çevrilərək sevgi ilə nifrətin qovuşduğu ünvana dönür. Bu güllər adi bir xatirə əşyası deyil, yarımçıq qalmış ömürlərin səssiz nişanəsidir.

Hiss olunur ki, bu yolda avtoqəza nəticəsində həyatını itirən insanlar olub. Kim olduqları, neçə yaşlarında olduqları və hara tələsdikləri isə məlum deyil. Məlum olan isə yalnız ayrılığın rəngidir. Qırmızı!

Ömrümüzün demək olar ki, tən yarısı yollarda keçir. Yollarda nə qədər plan qursaq da, çox zaman elə yollar özləri bizim axırımıza çıxır. Ani bir diqqətsizlik, bir göz qırpımı qədər qısa zaman içində insan həyatını yarımçıq qoya bilir. Ən pisi isə odur ki, “tez gəl” dediyiniz bir insan üçün gözünüz daim onun getdiyi yollarda qalır.

İnsan çox vaxt sevdiklərinin qədrini onları itirdikdən sonra dərk edir. Gündəlik qayğılar, tələskənlik və məşğuliyyət içində “sonra danışarıq”, “vaxtım yoxdur” kimi sözlər əksər hallarda “sonra”lara imkan vermir. Nədənsə yol kənarındakı bu güllər də mənə bu həqiqəti xatırlatdı.

Kimlər üçün qoyulduğu bilinməyən bu güllər əslində hamımız üçündür. İndi burada hər şey susub, bu qırmızı güllər isə hər şeyi danışır. Onların rəngi də qan rəngidir, yəni ürəyin rəngindədir. Bu güllər sevginin yarımçıq qaldığı yeri göstərir. Bu güllər gözü yolda qalanların hekayəsini danışır.

Bəlkə də yol nişanları arasında bu güllərə də yer verilsəydi, onların adı “səssiz” yol nişanları olardı. Adı yox, şəkli yox, tarixi yox deməli, səssizdir. Fəqət bütün yol nişanlarından daha çox danışan və diqqətimizi ən çox çəkən də məhz bu nişan olardı. Bu nişanlara çatdıqda istər-istəməz ayağımızı qaz pedalından çəkərdik. Həm özümüzü, həm də sevdiklərimizi düşünərək qəlbimizdəki və zehnimizdəki əyləc pedalını sona qədər sıxardıq.

İnsan itirəndə anlayır. Ən çox da gec anlayır ki, dəyər verdikləri insanlar hər gün onun yanında imiş. Onların həmişə var olacağını düşünərək davranırıq. Halbuki heç bir vida planlaşdırılmır.

Bəlkə də bu gülləri bu yerə qoyan insan hər gün bura gəlir, bir az susub danışmaq üçün. Yolların onları ayırdığı bu yerdə yenidən qovuşurlar. Və yol yenə davam edir. Amma və lakin bu qırmızı güllər bizə hər dəfə eyni şeyi xatırladır: Ehtiyatlı ol!

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: