İnvestisiyanın dövlət tərəfindən alınmasının yeni əsası müəyyən edilir.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı "İnvestisiya fəaliyyəti haqqında" qanuna dəyişiklik təklif edilir.
Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, hazırda investisiyalar investordan dövlət tərəfindən iki əsasla - dövlət ehtiyacları üçün və rekviziya məqsədilə (təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə cəmiyyətin mənafeləri üçün) alına bilər. Hər iki halda investisiyanın dəyəri bu qanunun 13.3-cü və 13.4-cü maddələrinə uyğun olaraq kompensasiya ödənişinin edilməsi yolu ilə investora ödənilir.
Təklif olunan dəyişiklik investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını müəyyən edir. Bu strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınmasıdır.
Beləliklə, qanun layihəsi strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə dövlət tərəfindən alınmasının hüquqi əsasını formalaşdırır. Qeyd olunan məqsəd üçün investisiyaların alınması ümumi qaydada, yəni investisiyaların dövlət tərəfindən alınması əvəzində investorlara kompensasiya ödənilməklə həyata keçirilə bilər.
Həmçinin qeyd olunan məqsəd üçün strateji əhəmiyyətə malik olan investisiyaların dövlət tərəfindən alınması Azərbaycan qanunları ilə həyata keçirilə biləcək.
