Naxçıvanda ədliyyə qulluqçularının andiçmə mərasimi təşkil edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kadr potensialının gücləndirilməsi, peşəkarlığı və yüksək şəxsi keyfiyyətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir. Qeyd olunan tədbirlərin davamı olaraq, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş növbəti müsabiqənin bütün mərhələlərini uğurla keçmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlim kursunu bitirmiş şəxslər muxtar respublika ədliyyə orqanlarında qulluğa qəbul ediliblər.Yeni qəbul olunmuş əməkdaşlar dövlətə və qanunlara sədaqət andı içiblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov bildirib ki, ədliyyə sistemi hüquqi dövlət quruculuğunda mühüm rol oynayan əsas institutlardan biridir, bununla bərabər dövlətin və cəmiyyətin müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Hüseyn Səfərov ilk dəfə ədliyyə orqanlarında qulluğa qəbul olunmuş əməkdaşların dövlətə və qanunlara sədaqət andı içməklə məsuliyyətli və şərəfli xidmət yoluna qədəm qoyduqlarını xüsusi qeyd edib.
Daha sonra namizədlərin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin müxtəlif struktur qurumlarında vəzifəyə təyin olunmaları barədə müvafiq əmr oxunub.
Mərasim çərçivəsində yeni təyinat almış əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli şəkildə and içiblər. Sonda onlara xidməti vəsiqələr təqdim olunub.